Tacikistanda terror aktları hazırlamaqda şübhəli bilinərək həbs edilənlərin Moskva yaxınlığındakı "Crocus City Hall”da terror aktını törədənlərlə heç bir əlaqəsi yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" mənbələrə istinadən məlumat yayıb.
Martın 29-da Düşənbə və Vəhdətdə 15 nəfərin həbs edildiyi məlum olub.
"Martın 21 və 22-də Novruz bayramı zamanı terror aktları planlaşdıran Düşənbə və Vəhdət şəhərlərinin 15 sakini martın 22-də "Crocus City Hall”da terror aktını törədən şəxslərlə heç bir əlaqəsi yoxdur”, - agentliyin həmsöhbəti bildirib.
Mənbə əlavə edib ki, həbs edilən 15 nəfərin hamısı terrorçuluqda ittiham olunub. Saxlanılanların daha doqquzunun dindirilməsi davam edir.
"Asia-Plus” nəşri martın 29-da yazıb ki, həbs edilənlər martın 21-i və 22-si Novruz bayramı zamanı terror aktları hazırlayırdılar. Bayram başlayana qədər bütün şübhəlilər saxlanılıb. Martın 22-də "Crocus City Hall”da baş verən terror aktından sonra onların Moskva vilayətində hücumu törədənlərlə əlaqəsi yoxlanılmağa başlanıb.
Xatırladaq ki, martın 22-də axşam saatlarında bir qrup silahlı şəxs "Crocus City Hall”a basqın edərək insanlara atəş açıb, bundan sonra binanı yandırıblar. Son məlumatlara görə, 144 nəfər həlak olub, daha 551 nəfər yaralanıb. FSB Moskva vilayətində törədilən terror aktında iştirak edən 11 nəfərin həbs edildiyini bildirib.
Nizami Bağırov
Şərhlər