
Dünən Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin "Seltik"lə matçından sonra "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərə müsahibə verib.
Qaynar.info-nun məlumatına görə, Gözəl hər 2 oyunda "Qarabağ"dan üstün olmayan "Seltik"i keçə bilməmələrinə bəraət qazandırmağa çalışıb.
O, "Seltik"in güclü komanda olduğunu, buna görə də ÇL-in pley-offuna vəsiqə qazana bilmədiklərini bildirib. Ancaq Gözəl müsahibəsi əsnasında yalan söyləməkdən də çəkinməyib. Belə ki, Gözəl "Seltik"in heyətində güclü oyunçuların olduğunu, hətta Hollandiya millisinin futbolçusunun olduğunu söyləyib.
Ancaq "Seltik"in heyətinə baxdıqda sonuncu dəfə Hollandiya millisinə "Seltik"dən nə vaxt futbolçu çağırıldığını görmək mümkün deyil. Ümumiyyətlə, "Seltik"in 2 hollandiyalı futbolçusu var ki, bunlardan Derk Burriqter hər 2 matçda "Qarabağ"a qarşı oynamayıb. 28 yaşlı hücumayilli cinah yarımmüdafiəçisi ümumiyyətlə heç vaxt Hollandiya millisinə çağırılmayıb. "Seltik"in əsas mərkəz müdafiəçilərindən olsa da, Vircil van Deyk də Hollandiyanın əsas millisində heç vaxt çıxış etmək imkanı qazanmayıb.
Bir sözlə, növbəti mərhələyə keçmək üçün əsaslı bəraət qazandırmaq lazımdır. Və bu 30 minlik azarkeşin ötənilki "Qarabağ"ı görə bilməməsinin səbəbini başqa yerlərdə axtarmaq gərəkdir...
Qaynar.info