Xəbər lenti

Taksidə tapdığı telefonla 5 min manatdan çox pul ələ keçirdi
Ölkə 12:30 29.07.2026

Taksidə tapdığı telefonla 5 min manatdan çox pul ələ keçirdi

Bakıda bir müştəri taksinin arxa oturacağında unudulmuş mobil telefonu götürərək həmin cihaz vasitəsilə sahibinin bank hesablarına daxil olub və 5 min manatdan çox vəsaiti ələ keçirib.

Qaynarinfo xəbər verir ki, Elvin Məmmədov (şərti) yaşadığı ünvana getmək üçün taksi sifariş edib. Avtomobilə əyləşdikdən sonra arxa oturacaqda qara rəngli "Redmi 9T” markalı mobil telefonu görüb və sürücüyə məlumat vermədən telefonu götürərək özündə saxlayıb.

Taksidən düşdükdən sonra yaxınlıqdakı çayxanaya gedən Elvin Məmmədov mobil telefonun qrafik şifrəsini təxmin edərək kilidini açıb. Daha sonra telefonda quraşdırılmış bank mobil tətbiqinə də bir neçə cəhddən sonra daxil olaraq zərərçəkmişə məxsus iki bank kartındakı vəsaiti başqa hesaba köçürüb.

O, əvvəlcə bank kartlarından 929 manat 63 qəpik və 3 min 758 manat 70 qəpik olmaqla, ümumilikdə 4 min 688 manat 33 qəpiyi tanışının bank kartına köçürüb. Daha sonra həmin məbləği elektron pul kisəsinə keçirərək 4 min 500 manatı öz bank kartına köçürüb və bankomatdan nağdlaşdırıb. Bundan əlavə, 165 manatı taksi sürücüsünün bank kartına göndərərək həmin məbləği ondan nağd şəkildə alıb.

Cinayətin izini itirmək məqsədilə götürdüyü mobil telefonu yaşadığı ərazidəki gölməçəyə atıb. Əldə etdiyi vəsaiti isə sonradan şəxsi ehtiyaclarına xərcləyib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində Elvin Məmmədov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.3-1-ci (elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb.

Məhkəmə iclasında Elvin Məmmədov özünü təqsirli bilib. O bildirib ki, telefonu əvvəlcə satmaq məqsədilə götürsə də, bank tətbiqini gördükdən sonra hesabdakı vəsaiti ələ keçirmək qərarına gəlib. Telefonun həm ekran kilidini, həm də bank tətbiqinin şifrəsini təxmin edərək açdığını təsdiqləyib. Daha sonra vəsaiti müxtəlif hesablar vasitəsilə öz nəzarətinə keçirərək nağdlaşdırdığını etiraf edib.

O, məhkəmədə vurduğu maddi ziyanı tam ödədiyini, törətdiyi əməldən peşman olduğunu və bir daha belə cinayət törətməyəcəyini bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş edib.

Məhkəmənin hökmünə əsasən, Elvin Məmmədov 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Seyid

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->