
Gülbuta Xasməmmədova: “Sizdən oğlumun qondarma ittihamlarla məhkum olunmasına imkan verməməyi xahiş edirəm”
Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədova redaksiyamıza müraciət yollayıb.
O qeyd edir ki, T.Xasməmmədovun barəsindəki 3 aylıq həbs qətimkanının müddəti 1 ay öncə başa çatsa da, qanunsuz olaraq həbsdə saxlanılır: “Onun məhkəməsi 1 aydır yubadılır və bu bir ay ərzində heç bir məhkəmə qərarı olmadan həbsdə saxlanılıb. Talehin ciddi xəstəliyi var, müalicə ala bilmir və mən onun hər an həyatını itirə biləcəyindən narahatam. Talehin həbsi mənim gözlərinim qarşısında şəhərin tam mərkəzində, insanların gur olduğu, ictimayyətin gözü qarşısında baş verdi. Bir ana kimi, bir vətəndaş kimi deyə bilərəm ki, Talehin həbsi sifarişlidir və oğlum günahsızdır. Sübut kimi onu deyə bilərəm ki, məhkəmə iclası zamanı Talehə qarşı heç bir ciddi dəlil olmadı və tək bir “zərərçəkən” var ki, onu da rayonda hər kəs “üzəduran Zahir” kimi tanıyır. Hətta belə də deyirlər ki, o, belə işlərinin müəyyən orqanlardan pul alıb ailəsini dolandırır. Qalan “zərərçəkənlər” isə polis əməkdaşlarıdır, onların da məhkəmədə verdikləri qurama ifadələrdən, axıtdıqları tərdən, rənglərinin bozarmasından anlamaq olur ki, açıq- aşkar Talehə qarşı yalan ifadə verirlər. Bunu dövlət ittihamçısı və hakim də hiss edirlər. Talehin həbsinin səbəbi onun ictimai fəallığı və hüquq müdafiəçisi olması ilə bağlıdır. Onun növbəti məhkəmə prosesi 30 iyun, saat 15:00-a təyin edilib. İnanıram ki, Talehin günahsız olması sübut olunacaq və məhkəməyə sədrlik edən hakim Fərhad Əfəndiyev Aəzrbaycan qanunlarını kimlərinsə sifarışındən üstün tutacaq və ədalətli hökm çıxaracaq. Prezident İlham Əliyev öz çıxışında da söyləmişdi ki, ölkədə baş verən neqativ halların, qanunsuz fəaliyyətlə məşğul olanların qarşısını yalnız ictimai fikrin, ictimai fəalların köməyi ilə almaq olar.
Oğlum Taleh Xasməmmədov da məmurların özbaşınalıqlarını ifşa edən ictimai fəal olub. Onun bu fəaliyyəti kimlərinsə xoşuna gəlmədi və onu sifarişlə həbs etdirdilər. Onun bir siyasi məhbus olaraq məhkəmə işi eynəlxalq təşkilatların diqqətindədir. Hər hansı bir məmurun Talehin həbs olunması əmri ölkə başçısı İlham Əliyevin siyasi kursuna ziddir. Mən cənab prezidentə bir daha müraciət edərək, bir daha ondan Talehin azadlığa buraxılması üçün bizə yardımçı olmasını, onun qondarma ittihamlarla məhkum olunmasına imkan verməməsini xahiş edirəm. Bir ana kimi onun mənim səsimə səs verəcəyinə inanıram”.
Qaynar.info