Xəbər lenti

Tamam nənənin muştuluqları
Ölkə12:57 10.11.2020

Tamam nənənin muştuluqları

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müharibə başlayandan hər rayon alınanda Tamam nənə təqaüdünün yarısını muştuluq verir. Kəlbəcərin alınması xəbərini verənə isə bütün təqaüdünü muştuluq boyun alıb. 
"Niyə Şuşa, Xankəndi yox, Kəlbəcər? ” soruşanda Tamam nənə deyir:
– Kəlbəcərin alınması ilə iş tamam olacaq. Kəlbəcər ayrı yerdir.
Hamı Şuşanın alınması xəbərini intizarla gözləyərkən də Tamam nənə hər gün səhər yuxudan oyanan kimi: "Kəlbəcər alınıb?”– soruşurdu. 
Şəxsiyyət vəsiqəsində təvəllüdü "1890” qeyd olunan, məktəb oxumayan, amma Məmməd Arazın, Söhrab Tahirin misralarını hərdən misal çəkən, zümzümə edən nənə ömründə nə Kəlbəcəri, nə Qarabağın başqa bir yerini görüb, nə də bütövlükdə o məkanın coğrafiyasından xəbəri var, yalnız Kəlbəcərdə İstisu olduğunu bilir. 
Söhbətdən hali olan dostum dedi:
–Kəlbəcərin yerləşdiyi coğrafiyanı bir anlıq göz önündə canlandır. Kəlbəcər yerinə görə hazırda döyüşlərin getdiyi ərazilərdən fərqli coğrafi mövqeyə malikdir.  Ana qəlbinə damıbsa, bu adi məsələ deyil. Görünür, bu, nənəyə qeybdən əyan olub ki, ən sonuncu alınacaq qalamız olacaq Kəlbəcər. 
Kəlbəcərin alınması qoy Qarabağ müharibəsinin  sonu olsun, Tamam nənə!
Q.Əziz