Xəbər lenti

“Tanımadığım qəbirin başdaşını qucaqlayıb “ana” deyə ağladım” - Bitməyən Qarabağ faciəsi
Ölkə08:31 14.07.2023

“Tanımadığım qəbirin başdaşını qucaqlayıb “ana” deyə ağladım” - Bitməyən Qarabağ faciəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusu üzrə hazırlanıb) 
Ağdam rayonu Papravənd kənd sakini Ədalət Səfərov Qaynarinfo-ya müsahibəsində 30 ildən sonra vətənə qayıdışının təəssüratlarını bölüşüb. 
- Ağdam işğaldan azad olunduqdan xeyli vaxt keçsə də, təhlükəsizlik məsələləri ilə bağlı problemlər olduğundan kəndimizə gedə bilmirdik. Hər günü səbirsizliklə gözləyirdim ki, dövlət səviyyəsində bizə torpağımızı görməyə icazə veriləcək.  
Bir gün oğlum Emin gəldi ki, "hazırlaşın, sabah kəndimizə gedirik”. Qulağıma inana bilmədim, elə bildim, Emin zarafat edir. Məsələnin ciddi olduğunu deyəndə gecəni səhərə kimi yata bilmədim. Sanki yatağıma qor tökülmüşdü, səhərə kimi o yana-bu yana qıvrıldım. Zarafat deyildi, 30 ilin həsrətinə son qoyulacaqdı. 
30 yaşım vardı ordan çıxanda, gəncdim, indi vətənə 60 yaşında qoça kişi kimi qayıdırdım. Həyacanlıydım, həsrətdən bütün bədənim tir-tir əsirdi... Səhərə kimi ancaq nakam anamın qəbri ilə görüşümü düşünürdüm. Əcəba, tapa biləcəyəmmi onun qəbrini, deyə, ürəyimdə didib-didişdirirdim.
Belə xəyallar altında Bakıdan Ağdama qədər olan məsafə mənə iki dəqiqəyə gəldi. Hələ Ağdam işğal altında olanda həyat yoldaşımla əhd etmişdik ki, nə vaxtsa Ağdama, doğma Papravəndə getsək, evimizə kimi payi-piyada, 30 il əvvəl olduğu kimi əl-ələ tutub gedəcəyik.
Çatdıq... Bura Ağdamın Papravənd kəndidir. O boyda kənddən əsər-əlamət yox idi, bizə o kəndin sadəcə adı qalmışdı, vəssalam... 30 il əvvəl tərk etdiyimiz yaşıllıqlar içərisində, bir-birindən gözəl, hündür evləri ilə göz oxşayan kənddən iz qalmamışdı. Kəndimizin mənzərəsini seyr etdikcə gözümdən yaş sel kimi axırdi, məni qəhər boğurdu. 
"Odur, bizim yol”, - deyə maşından endik. Hələ Ağdamda olanda axşamlar işdən gələndə həyat yoldaşımla bu yolda görüşərdik, əl-ələ tutub evimizə gedərdik. Həyat yoldaşımla əhdimizi yerinə yetirdik, əl-ələ tutub yoldan əsə-əsə evimizə tərəf addımladıq. Heç kim dinmirdi, sadəcə ətrafa boylanırdıq. Uzaqdan evimizin divarlarını tanıdım, uşaq kimi "Emin, odu ey bizim ev” deyə qaçmağa başladım. Evimizin quru uçuq-sökük divarları qalmışdı. O evi biz tikənə kimi nə qədər illər vermişdik. İnsan insana beləmi zülm edərmiş, ilahi? Neyləyəcəyik, bu yaşdan sonra hər şeyi yenidən başlayacağıq? Yerimdə donub qaldım, durub yeriməyə belə təqatim qalmamışdı. 
Birdən yadıma düşdü ki, məni Bakıdan Ağdama gətirən səbəb var: nakam anamın qəbrini tapmalıyam. Özümdə bir az güc toplayıb kəndin aşağı tərəfində vaxtı ilə salınan qəbiristanlığa tərəf getdik. Anamın qəbrini tapmaq üçün saatlarla dolaşdım. Bütün qəbirlər dağılıb, bəzilərinin başdaşı yox, bəzilərinin üstü, bəzilərini söküb aparıblar, bəziləri isə torpaq altında qalıb. Məzarı tapmayınca narahatlığım, həyacanım birə-beş artırdı. Dizimi yerə qoyub bir-bir əyilən, torpaq altında qalan başdaşlarına baxırdım. "Ana, mən gəlmişəm, hardasan, məzarını mənə çox görmə”, deyə için-için ağlayırdım. Nakam dünyadan köçən anamın məzarını tapa bilmədim. Tanımadığım qəbirin baş daşını qucaqlayıb "ana” deyə ağladım. 
Anam mən 3 aylıq olanda dünyadan köçmüşdü. Ondan mənə qalan sadəcə məzarı idi, bütün təskinliyim həmin məzar olsa da, arzuma çatmadım. Qarşıdan gələn payız aylarında yenidən Ağdama səfər edəcəm. Anamın məzarını tapmayınca sakit ola bilmərəm.
Nə yaxşı Şahbulaq suyu vardı, qəbiristanlıqdan bir baş ora gəldik, ürəyim soyuyunca içdim. Bir qab da götürüb üzü Bakıya, 30 il çalışıb qurduğumuz evə gəldik. Anamın qəbrini tapan gün mənim Qarabağa böyük qayıdışım olacaq...
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.