Bu gün "Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində "Marsel”lə qarşılaşacaq. İlk oyundakı məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə adlamaq şansları qalan Ağdam təmsilçisinə inam böyükdür.
Azərbaycanın tanınmış mütəxəssislərindən olan, Şöhrət ordenli məşqçi Ağasəlim Mircavadov Qaynarinfo-ya açıqlamasında "Qarabağ”ın Fransa klubu ilə matçda şanslarını dəyərləndirib.
"Hər şey birinci oyundan başlayır. "Qarabağ” bu il Konfrans Liqasının oyunlarını çox yüksək səviyyədə keçirdi. Topa nəzarət, qol vəziyyətlərini yaratmaq baxımından digər klubları keçdi. Amma qol vəziyyətlərindən istifadə etmək faizi aşağıdır. Marseldə ilk 15 dəqiqədə iki qol vurmalıydılar. Əsas odur ki, "Qarabağ”ın oyunu var, ona sadiq qalır və qalib gəlir. Bir də ki, müəyyən problemlər var. Məsələn, Azərbaycan çempionatı o qədər də yüksək səviyyədə deyil. 8 komandalı çempionat keçirilir. İnkişaf etmək üçün isə komandaların sayı çox olmalı və ən azı 5-6 real kollektiv çempionluq uğrunda mübarizə aparmalıdır ki, "Qarabağ” Avropada hazır vəziyyətdə olsun. Psixoloji durum ən vacib amildir. Futbolçuları hər oyuna psixoloji cəhətdən hazırlamaq ağır işdi. Elə "Marsel”lə düşəndə də dedim ki, "Qarabağ” bu il çox işlər görüb. Düzdür, qrupda "Bazel” birinci yeri tutdu. Amma oyununa görə "Qarabağ” bu yerə layiq idi. Əsas problem qol vəziyyətlərindən istifadə edə bilməmələridir”.
"İlk oyunla müqayisədə hansı dəyişikliklər ola bilər” sualına Mircavadov belə cavab verdi:
"Heç bir dəyişikliyə ehtiyac yoxdur. Həmin heyətdir. Ola bilər, hansısa hücumçu əlavə edilsin. Amma bu qol vəziyyətləri yaratmaq və hücumameyilli oynamaq demək deyil. "Qarabağ” kollektiv oynayır. Cinah müdafiəçilərini qeyd edərdim. Sol cinahda Zubirlə Bayramov bir-birini çox gözəl başa düşürlər və təhlükəli hücumlar qururlar. Bunu sağ tərəfdə də etməlidirlər. Oyunda cinahlar çox işləməlidir. Bu Azərbaycan futboluna xas bir oyun üslubudur. Neçə illərdir cinahlardan oyuna üstünlük verir. Bir də ki, standart hücumlardan istifadə edə bilmirik və ya qol buraxırıq. Məsələn, bir həftə əvvəl künc zərbəsindən qol buraxmışdıq. İki cür müdafiə var – oyunçunun rəqibə və topa qarşı oynaması. Xüsusən də standrat hücumlar zamanı olan müdafiəni nəzərdə tuturam. Səfərdə "Qarabağ”a ilk qolun vurulan zaman 9 nömrəli futbolçunun yanında heç kim yox idi. O, əvvəl başı ilə zərbə endirdi, top geri qayıtdı, ikinci dəfə ayağı ilə qol vurdu. Bu, müdafiəçilərin səhvi idi. Oyunçunu boş buraxmaq olmaz. "Qarabağ” bir həftə əvvəl nəyi vardısa, ortaya qoydu. Ola bilər, bu dəfə Şeydayev əsas heyətdə meydana çıxsın. Amma bu, hücum futbolu demək deyil, top saxlamaqla rəqibi səhv buraxmağa məcbur etməlisən. Boşluqlar olmamalıdır. İki dayaq yarımmüdafiəçisi mərkəzdə boşluqları doldurmalıdır. Ağılla hərəkət etməlisən. Komanda istəkli olmalıdır. Nəticədən asılı olmayaraq, "Qarabağ”ın həm futbolçularını, həm məşqçilərini təbrik edirəm. Öz oyunları, inkişafı ilə bizi sevindirirlər”.
Səbuhi Həsənov