İdman 12:17 29.07.2022

Tanınmış futbol mütəxəssisi: “Rəqibləri o qədər şişirdirik ki…” (TƏHLİL)

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Vaqif Sadıqov klublarımızın avrokuboklardakı çıxışı haqda fikrilərini bildirib.

Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında "Qarabağ”ın Çempionlar Liqasında, "Neftçi”nin isə Konfrans Liqasında növbəti mərhələdəki rəqiblərə qarşı şansları haqda sualları cavablayıb. O, əvvəlcə "Zirə” və "Qəbələ”nin çıxışlarına toxunub:

"Zirə” ilə "Qəbələ” ikinci oyunda tamamilə fərqli oyun və nəticə göstərdi. Bu da o anlama gəlir ki, Azərbaycan klublarının potensialı var. Hamımızın gözləntiləri böyük idi. İnanırdıq ki, klublarımız nümunə kimi "Qarabağ”a baxıb mərhələ adlayacaq və hamımızı sevindirəcək. Hər nəticə gələcək üçün atılan addımdır. Hesab edirəm ki, mərhələ adlamayan klublarımız ilk oyundan nəticə çıxarıb tamamilə fərqli çıxış etdi. Bu onu göstərir ki, məşqçilərimiz, komandalarımız düz yoldadırlar. Səbrli olsaq, gələcəkdə uğurlu nəticə göstərmək şanslarımız artacaq”.

Sadıqov "Qarabağ”ın böyük klub olduğunu, Avropada öz səviyyəsini xeyli dərəcədə yüksəltdiyini vurğuladı: 

"Qarabağ”dan, ümumiyyətlə, ayrıca danışmaq lazımdır. Çünki Avropada öz səviyyəsini o qədər yüksəldib ki, bu gün komandadan gözəl oyun gözləyirik. Qurban Qurbanov məhz belə oyunla nəticə əldə edir. Bu vacib amildir. Yəni hansısa praqmatik oyunla deyil, rəqibdən asılı olmayaraq, öz dəsti-xəttini, futbol mədəniyyətini ortaya qoymaqla nəticə qazanır. Xüsusilə son oyunda "Qarabağ”ın böyüyüb, böyük bir kluba çevrilməsinin şahidi olduq. Xeyli xoş sözlər söyləmək mümkündür. Bu gün komanda öz simasını itirmədən nəticə əldə edir. Hər oyun azərbaycanlı azarkeşləri sevindirməyə çalışır. Biri var baxımlı futbol göstərmədən nəticə qazanasan. Ancaq "Qarabağ” buna tamam fərqli yanaşır və öz oyun üslubuna sadiqdir. Bunu sırf peşəkar kimi danışıram və səmimi deyirəm ki, "Qarabağ” Avropada öz oyununa sadiq qalan və sırf bununla nəticə əldə edən bir komandadır. Nə qədər ağır rəqib olsa da, toparlanırlar, hər dəfə öz oyunu ilə bizi sevindirirlər. Bəlkə də heç vaxt püşkatmada "Qarabağ”a ilk mərhələdən başlayaraq belə güclü rəqiblər düşməmişdi. Hədəf Çempionlar Liqasının qrupudur. Belə bir ifadə işlətmək istəyərdim, hansısa ağacın başına çıxırsansa, hədəfin ulduzlar olmalıdır. Hesab edirəm ki, "Qarabağ” da bu yoldadır və hədəfi ulduzlardır. İnşallah yolunu davam etdirəcək”.

O, Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Avstriya təmsilçisi "Rapid”lə qarşılaşacaq "Neftçi”ni dəyərləndirərkən bu ifadələrə yer verdi: 

"Bu məsələyə toxunmalıyam. Biz rəqibləri o qədər şişirdirik ki… Çempionatı üstün sayırıq, bahalı məşqçilərlə anlaşıb, futbolçular transfer etdiyini deyirik. Bütün bunlar hamısı kağız üzərindədir. Bizim də komandamız, futbolçularımız, məşqçilərimiz var. İnşallah üzümüzə gələn oyunlarda bunu sübut etməyə çalışacağıq. Bunu böyük ümidlərlə gözləyəcəyəm. Neçə ildi Qurban Qurbanov və digər klublar bunu sübut edirlər. "Neftçi” göstərdi ki, komanda ruhu varsa, qələbəyə tam şəkildə köklənibsə, mütləq nəticə əldə ediləcək. Bunu qəbul etmirəm ki, hansısa çempionat bizimkindən qat-qat üstündür, futbolçulardır bahalıdır, məşqçilər bizimkilərdən güclüdür, xeyr, belə deyil. Bu gün təcrübəli Qurbanovla gənc Rəşad, Elmar Baxşıyev sübut etdi ki, məşqçilərimiz də var, komandamız da”.

Səbuhi Həsənov