Xəbər lenti

Tarif Şurasının qərarları niyə gecə yayımlanır? Dolaşıq cavablar - MÜSAHİBƏ
Ölkə12:32 15.07.2016

Tarif Şurasının qərarları niyə gecə yayımlanır? Dolaşıq cavablar - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 14-də Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib.

Tarif Şurasının bu qərarı mətbuatda axşam saat 20.00-dan sonra yayımlanıb. Məlumat üçün bildirək ki, Tarif Şurası indiyə kimi verdiyi bir çox qərarlar gecə saatlarında mətbuatda yayımlanıb. Məsələn, 2009-cu il iyunun 30-dan iyulun 1-nə keçən gecə təbii qazın qiymət artımı, həmin ilin sentyabrın 30-dan oktyabrın 1-nə keçən gecə metroda gediş haqqlarının qalxması, 2013-cü ilin dekabrın 2-dən 3-nə keçən gecə benzin və başqa yanacaq növlərinin qiymətinin qalxması, 2016-cı ilin mayın 15-də su qiymətlərinin qaldırılması buna misal ola bilər. 

Ümumiyyətlə Tarif Şurasının qərarları adətən niyə gecə saatlarında mətbuatda dərc edilir? 

"Qaynarinfo.Az" saytı İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevlə əlaqə saxlayıb, bu suala cavab tapmaq istəyib.

- Tarif Şurasının qərarları niyə adətən gecə saatlarında açıqlanır?

- Dünən nahardan sonra Tarif Şurasının iclası olub. Müzakirələr aparılıb. Qərar qəbul olunan kimi ictimaiyyət məlumatladırılıb.

- Abbas müəllim, iclas saat neçəyə təyin olunmuşdu?

- Saat 14.00-a təyin olunmuşdu.

- İclas təxminən 2 saat çəksəydi, qərar da təxminən saat 4-də açıqlanmalı idi...

- Tarif Şurasının iclasının neçə saat çəkməsini siz müəyyən etmirsiz. Tarif Şurası kolegial orqandır. Müzakirələrdən sonra qərar qəbul olunur. İclas başa çatdıqdan və qərar qəbul edildikdən sonra şuranın qərarı ictimaiyyətə açıqlanıb.

- Bundan öncəki iclasların qərarları da gecə açıqlanıb...

- Gecə Tarif Şurasının iclası olmur.

- Bəs niyə qərarlar gecə çıxır?

- Qətiyyən elə deyil.

- Abbas müəllim, Tarif Şurasının dünənki qərarı mətbuatda saat neçədə yayımlandı?

- İclas başa çatan kimi.

- İclas saat neçədə başa çatdı?

- İclas hardasa 3 saata yaxın olub, sonra qərar açıqlanıb.

- Abbas müəllim, dünən saat 7-yə qədər bu qərar yox idi. Tarif Şurasının qərarı rəsmi saytda saat neçədə yayımlanıb?

- Hər halda iclas başa çatan kimi.

- Abbas müəllim, iclasın müddətini 3 saat deyirsiz. Bu da hesabla saat beş edir. Amma saat 19:00-da bu qərar haqqında mətbuatda məlumat yox idi.

- Yox iclas 6-dan tez bitmişdi. 3 saata yaxın çəkdi. İclas bitən kimi də qərar Tarif Şurasının saytında yerləşdirdik.

-Abbas müəllim, Tarif Şurasının saytında saat göstərilmir.

- Onu biz qoymuruq ki, avtomat özü qoyur.

- Necə avtomat qoyur? 

- Saatı biz seçmirik, sayt özü seçir. İclas günorta 14.00-da başlayıb, 3 saat davam edib. İclas başa çatandan sonra qərar qəbul olunub. Biz də bu qərarı Tarif Şurasının saytına yerləşdirmişik, bu qədər.

Qaynarinfo.Az