(Yazı "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusu üzrə hazırlanıb)
31 Mart Azərbaycanın qanlı yaddaşına yazılan tarixlərdən biridir. Həmin tarixdə Bakı və ətraf əyalətlərdə minlərlə azərbaycanlı məkirli siyasətin qurbanı olub. Ermənilər öz xislətlərini bu dəfə açıq silahlı təcavüzə keçərək həyata keçirməyə çalışıb. Belələliklə, bu gün tariximizə azərbaycanlıların soyqrımı kimi düşüb.
Bəs bu faciə necə baş verib? Hazırlıqlar nə zaman başlanıb? Tarixdə bu faicə haqqında hansı faktlar var?
Qaynarinfo bu və digər sualları tarixçi alim Zaur Əliyevlə müzakirə edib:
- 31 Mart Soyqrımı necə baş verdi? Bu faciənin arxasında hansı qüvvələr dayanırdı?
- "Baku” qəzeti "Kavkazskoe slovo” qəzetinə istinadən yazırdı ki, 1915-ci ilin əvvəllərində İranda rusların işğal etdikləri ərazilərdən köçürülən və sayı 100-120 min nəfər olan erməni əhali əsasən Naxçıvan, Sürməli, Eçmiadzin, İrəvan, Aleksandropol və Yelizavetpolda yerləşdirilmişdi. 1915-ci ilin martında keçirilən Eçmiədzin kilsə qurultayında Türkiyə və İrandan köçürülərək Cənubi Qafqaza yerləşdirilən ermənilərin sayının 60 min nəfər olduğu vurğulanırdı. Təkcə 1915-ci ilin iyul ayında Qafqaz canişininin sərəncamına əsasən, Cavanşir və Şuşa qəzalarına 24 min erməni yerləşdirildi. Bundan sonra ermənilərin Azərbaycan ərazilərində silahlı hücumları daha geniş miqyas almağa başladı. Bu illərdə baş verən qanlı hadisələrdən çox insan zərər gördü. 1905-1907-ci illər hadisələri göstərdi ki, XX əsrin əvvəllərinədək Azərbaycan torpaqlarını "dinc" üsullarla zəbt edən erməni millətçiləri artıq rəsmi dairələrin dəstəyi ilə açıq silahlı təcavüzə keçirlər.
Əldə olan sənəd və materialların hətta ötəri də olsa nəzərdən keçirilməsi belə bir nəticə çıxarmağa əsas verir ki, 1918-ci ildə Azərbaycanın şərqində (Bakı, Quba, Şamaxı, Lənkəran və s.) Bakıdakı Şaumyan hökumətinin tam razılığı və Amazasp, Tatevos Əmirov və başqaları kimi daşnak cəlladların əli ilə törədilmiş qanlı cinayətlərlə, onun qərbində (Naxçıvan, İrəvan Zəngəzur və Qarabağ) baş vermiş vəhşiliklər bir mərkəzdən - Rusiyadan idarə olunduğu arxiv sənədləri işıq üzü gördükcə daha çox aşkara çıxır. Ümumi rəhbərlik isə Erməni Kilsəsi tərəfindən edilirdi. Bakıda mart soyqırımı planı Erməni Milli Komitəsi və "Daşnaksütyun” partiyası tərəfindən hələ 1917-ci ildən hazırlanırdı. Qeyd edək ki, hadisələrin Türkiyə ərazisində də aparılması planlara daxil idi.
- Bəs 31 Mart Soyqrımının anatomiyasında əsas hədəf nə idi?
- Şaumyanın və onun ətrafında birləşmiş Andranik, Mikoyan, Lalayan, Namazasp, Arakelyan, Əmiryan kimi daşnaklar qrupunun bir məqsədi var idi: azərbaycanlıları son nəfərinədək qırmaq, öz doğma yurd-yuvalarından didərgin salmaqla Xəzər dənizinin sahillərindən Türkiyə sərhədlərinədək ölkənin bütün ərazisini boşaltmaq.
Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adı ilə çıxış edən dəstələr Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku" qəzetləri redaksiyalarını dağıtmış, "Təzə pir" məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.
Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bu rəqəmi təkzib edən Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir. "Azərbaycan" qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında Mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən biri isə qeyd edir ki, "biz Bakıda 25 min nəfəri qətlə yetirmişik”. Təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilmişdi.
1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdü. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunmuşdu.
1918-ci ilin mart-may aylarında Qubada tikinti ilə əlaqədar qazıntı işləri aparıldığı zaman iki iri quyuda tapılmış saysız-hesabsız insan sümükləri erməni vandalizmini təsdiqləyən əyani nümunələr, faktlardır.
Qubanın özündə Hamazaspın əsgərləri dörd milyon manat nəğd pul, xeyli qızıl pul, qiymətli daş-qaş və beş milyon manatlıq əşya-mal, iyirmi beş milyon manatlıq ərzaq ehtiyatı ələ keçirmişdilər. Digər yerlərdə talan edilənlərin dəyəri milyonlarla qızıl pul edirdi. Xatırladaq ki, həmin qızılların və qızıl pulların bir hissəsi sonralar S.Şaumyan həbs edilərkən (öz məsləkdaşları ilə birlikdə) onun yük çamadanlarındakı 80 milyon məbləğindəki qızıl pulun içərisində olub.
- Bu soyqrım Azərbaycan xalqının birliyinə necə təsir etdi?
- Azərbaycan Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıb. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olub. Lakin 1920-ci ilin aprelində Cümhuriyyətin süqutu bu işləri yarımçıq qoymuş, Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdi. Əvəzində ermənilər istər dünyaya səpələnmiş böyük diasporu vasitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin təbliğat maşınının köməyi ilə qondarma "soyqırımı” kampaniyasına geniş vüsət verib. Düzünü deyim, birlik barədə çox geniş yazmaq olmur. Sadəcə bu faciə Bakıda o vaxtı yerli qoçuların birləşməsinə təsir edib və ermənilərə cavab verilib. Yerli camaat yenidən hadisələrdən bir müddət sonra ermənilərə münasibəti necə var, davam etdiriblər.
- Azərbaycan bu soyqrımın dünyaya tanıdılması ilə bağlı hansı işlər görməlidir?
- 1918-ci il soyqırımına siyasi qiymət verilməsində yarımçıq qalan bu işi bugünkü Azərbaycan Respublikası həyata keçirib. Sovet dövründə mühacirətdə yaşayan azərbaycanlılar bu günü mütəmadi xatırlayıb və tədbirlər keçiriblər, yazılar dərc ediblər. Azərbaycan Kültür Dərnəyinin 1952-ci ildə Ankarada nəşr etdirdiyi "Azərbaycan" jurnalı 31 Mart faciəsi mövzusuna dəfələrlə toxunmuş, bu tarixi cinayətin əsl mahiyyətini açıb göstərmiş, bolşeviklərin fitvası ilə ermənilərin törətdiyi vəhşilikləri lənətləmişlər. Azərbaycan mühacirlərinin 1932-ci ildən Berlində nəşr etdirdikləri "İstiqlal" qəzeti də Mart faciəsi ilə bağlı materiallar dərc edirdi. Qəzetin 1933-cü il aprel ayının 1-də buraxılan 31-ci nömrəsində mövzu ilə əlaqədar iki material verilib: "Bir qırğının on beş illiyi" və "31 Mart".
"Yeni Qafqasya", "Azəri-türk", "Odlu yurd", "Bildiriş", "İstiqlal", "Qurtuluş", "Azərbaycan" (Ankara) və başqa mətbu orqanlar, mühacirətin digər nəşrləri bu mövzunu daim diqqət mərkəzində saxlamış, soyqırımı qurbanlarının xatirəsini yad etmiş, Şaumyan başda olmaqla erməni qatillərin əməllərini lənətləmişlər. M.Ə.Rəsulzadə 1922-ci ildə İstanbulda nəşr etdirdiyi "Azərbaycan Cümhuriyyəti: keyfiyyəti - təşəkkülü və indiki vəziyyəti" adlı əsərinin "Qardaş Türkiyənin yardımı" adlı hissəsində Mart faciəsinin törədilməsi səbəbləri və bu dəhşətli cinayətin miqyası barədə ətraflı bəhs edir. Hüseyn Baykara da özünün "Azərbaycan istiqlal mücadiləsi tarixi" kitabında Mart qırğını haqqında ətraflı yazıb. Müəllif, Mir Cəfər Pişəvərinin xatirələrinə istinadən qeyd edir ki, o, daşnakların vəhşiliklərini, saysız günahsız adamların öldürülməsini, yandırılmasını, onlara işgəncələr verilməsini öz gözləri ilə görüb.
Azərbaycan Respublikasının Prezidenti 1998-ci ildə Soyqırım haqqında xüsusi fərman imzalayıb; 31 Mart azərbaycanlıların Soyqırımı Günü, 26 fevral Xocalı Soyqırımı günü elan edilib. Azərbaycan Respublikasının Prezidenti qarşımızda iki mühüm vəzifənin durduğunu bildirib: ərazilərimizin işğaldan azad olunmasına, məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasına nail olmaq və azərbaycanlıların soyqırıma məruz qalmaları haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etmək.
Lakin etiraf edək ki, dəyən yaralar hələ də sağalmayıb, əksinə, daha da böyüyüb, on minlərlə azərbaycanlı erməni terrorunun qurbanı olub, bir sözlə, ermənilər vəhşilikdən, biz isə, biganəlikdən əl çəkməmişik...
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.