Siyasət 15:47 20.06.2023

“Tatarıstan Turan birliyinə can atır” - Politoloq

"Rusiyanın Tatarıstan üzərindən Azərbaycanda özünün iqtisadi və digər təsir imkanlarını genişləndirmək cəhdi baş tutan deyil. Çünki Rusiya istəsə də, indiki  vəziyyətdə türkdilli respublikaları üzərindən Azərbaycana təsir və təzyiq imkanlarını genişləndirə bilməyəcək”. 

Bunu Qaynarinfo-ya açıqlamasında  politoloq Taleh Əliyev Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun keçən həftə sonu Azərbaycana səfərini şərh edərkən deyib.

"Çox istərdim ki, təkcə Tatarıstanla deyil, Başqırdstan, Yakutiya, Çuvaşiya, Altay və Rusiya ərazisindəki digər türkdili toplumlarla Azərbaycan arasında ikitərəfli əlaqələr dərinləşsin. Çünki bu addımların sözügedən toplumlarda həm də milli oyanış, özünə qayıdış, onların gələcəkdə böyük Turana inteqrasiyası baxımından strateji əhəmiyyəti varr. Rusiya Ukrayna cəbhəsində hər gün kifayət qədər maliyyə, nüfuz, geopolitik güc itirir. Bütün bu itkilərin sonda Rusiyanı ayaqda tutacağı qənaətində deyiləm. Bu səfər Tatarıstan rəhbərinin Azərbaycana, xüsusən də işğaldan azad olunmuş ərazilərimizə ilk səfəri deyil. Rüstəm Minnixanovun Azərbaycana ilk səfri keçən il baş tutmuşdu. O zaman Cəbrayılda Tatarıstanın "Kamaz” şirkətinin Azərbaycanda filialının yaradılması məsələsi müzakirə olunmuşdu. 

Minnixanovun yenidən həmin coğrafiyaya təkrar qayıdışı onu göstərir ki, ya bu istiqamətdə görülən işlərin monitorinqi aparılır, ya da bundan əvvəlki səfərdə qaldırılan məsələlər artıq razılaşdırılıb. Ona görə də indiki səfərlə təkrar olaraq yerində məsələyə baxış keçirilir. Rusiyanın bu məsələdə dolayı maraqları olsa da, bu, türk toplumlarının Azərbaycanla əməkdaşlığı gələcəkdə onların da Turan amalı ətrafında toparlanmaları yolunda çox vacib məqamdır”,- deyə T. Əliyev fikrini yekunlaşdırıb.

Qeyd edək ki, iyunun 17-də Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında "Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak etmək üçün Cəbrayıla gəlib. O, həmçinin Zəngilanda olub. R. Minnixanov Prezident İlham Əliyevlə də görüşüb.

Rüfət Sultan