
Yaşar Nəbiyev: “Əvvəllər bu sənətə sırf hobbi kimi baxırdım, indi isə bu, həm də mənim dolanışıq yerimdir...”
Qədim Şəki həm də sənətkarlıq paytaxtı hesab edilir. Təsadüfi deyil ki, ən qədim sənətkarlıq nümunələri məhz bu şəhərdə hələ də yaşadılır və irsən ötürülür. Bu cür sənətkarlıq nümunələrindən biri də taxta üzərində çəkilən və yandırılan rəsmlərdir.
Kiçik daş emalatxanada gözlərində eynək əlindəki taxta üzərinə nəsə cızan sənətkar marağımıza səbəb oldu. Məhz buna görə də emalatxananın yanında ayaq saxlayıb içəri daxil olduq. Burada ağacdan hazırlanan qələmlər, saatlar, rəsmlər, mərdanə üzərindəki işləmələr və müxtəlif fiqurlar sanki bizi tamamilə başqa bir aləmə aparmışdı və bu sənətkarlıq nümunələrinə biganə qala bilmirdik.
İçəri girdiyimizi görüb də əlindəki işi saxlayıb, elektrik aparatını söndürən Yaşar Nəbiyev əvvəlcə bizi alıcı zənn etsə də, sonradan jurnalist olduğumuzu bilib sənətinin incəlikləri haqda çox həvəslə danışdı. O, kiçik emalatxanada işləməyin çətin olduğunu desə də, sevdiyi iş olduğu üçün dözümlü yanaşdığını dedi: “Bu emalatxana dostumundur. Müvəqqəti olaraq burda işləyirəm. Gördüyünüz bu emalatxana tarixi bir abidə olduğu üçün bura mismar çalmaq, divarlarına, döşəməsinə taxta vurmaq olmaz. Ona görə də qışda burada işləmək olmur, soyuq olur. Qışda evimdə, yayda isə bu emalatxanada çalışıram”.
İşini sevdiyini deyən sənətkar taxtanın üzərində rəsm yaratmaq üçün taxtadan olan 2 voltluq elektrik aparatı belə özünün düzəltdiyini dedi: “Əvvəllər bu sənətə sırf hobbi kimi baxırdım. Amma indi bu həm də mənim dolanışıq yerimdir. 63 yaşım var. Bu sənəti uşaq vaxtlarımdan öyrənmişəm. Özüm ixtisasca memaram. Uşaqlıqdan rəsmlə məşğul olmuşam. Daha sonra başqa-başqa yerlərdə işləsəm də, bu sənət məni özünə çəkirdi. İşimdən əlavə vaxt tapan kimi hobbi olaraq bu sənətlə də məşğul olmuşam. Daha sonra hobbim əsas işimə çevrildi. Bu sənətə maraq göstərib gəlib baxanlar çox olsa da, öyrənmək istəyən yoxdur. Taxtanın, daha çox düz dikin üzərində əvvəlcə şəkli çəkirəm, sonra onu yandırıram. Taxta işindəki vacib nüanslardan biri də material məsələsidir. Belə ki, hər materialın üstündə işləmək olmur. Taxta eyni tərkibli taxta olmalıdır. Bu cür taxtaları da tapmaq bir az çətin olduğundan, adətən dik taxtası üzərində işləyirəm. Amma cökə ağacı, şərq çinarı, ağcaqovaq ağaclarının üzərində işləmək daha yaxşı olardı. Ən yaxşı cökə ağacıdır ki, içi ağ və yumşaq olur. Onda işləmək rahat olur. Həm də bu ağacın lifləri də azdır. Yəni yandıranda qorxmursan ki, birdən liftin boşluğuna düşüb çox yanar. İşlədiyim aparatı da özüm düzəltmişəm. Zavodda hazırlana aparatlardakı tənzimləyicilər yaxşı olmur. Ona görə də musiqidə olduğu kimi bu işdə də tonlar, aktavalar var. Yəni zəif yerləri yandırmaq üçün zəif volta, güclü yerləri yandırmaq üçün isə güclü volta qoymaq lazımdır. Maksimum diqqətli olmaq lazımdır. Ona görə də özüm düzəldən aparatdan istifadə edirəm ki, yarım tonları verə biləm. Bir kvadrat destimetr yeri 10 dəqiqəyə yandırıram.
Bu, çox vaxt aparan işdir. Məsələn, bir tablo 20 günə hazır olur. Bəzən rəsmi özüm çəkmirəm, internetdən götürürəm. Misal üçün, bir at şəklinin internetdən götürür və ətraf mühitini çəkirəm. Təbii ki, sonra da başlayıram yandırmağa. Kiçik taxta üzərində hazırlanan bu rəsmləri bir gün içərisində bitirmək üçün gərək dayanmadan 8 saat işləyəsən. Bu da mümkün deyil. Çünki aparatın tüstüsü insanda göz yorğunluğu yaradır. Ona görə də müəyyən fasilələrlə bir işi 4 günə bitirirəm. Bəzən elə olur ki, çəkirəm, amma nöqtəni qoyub işi bitirə bilmirəm. Belə olan təqdirdə həmin işi yarımçıq kənara qoyub digər işə başlayıram. Amma ilham mənbəyi gələn kimi saat neçə olur olsun gedib o yarımçıq işi tamamlayıram. Yaxşı bir iş ortaya qoymaq həm də əhval ruhiyyədən asılıdır. Bu səbir tələb edən bir sənətdir. Taxta üzərində rəsmi çəkib, yandırdıqdan sonra ən son mərhələdə akril yağı ilə onu rəngləyirəm. Bu işi saraltmır. Taxtada belə bir xüsusiyyəti var ki, o günəş şüası düşdükcə rəngini müəyyən qədər dəyişir. Amma bu lakı sürtəndə qorunur”.
Sənətkarın emalatxanasına, yaratdığı sənət nümunələrinə baxanda atla bağlı olan rəsmlərin, fiqurların üstünlük təşkil etdiyini gördük və bunun səbəbini soruşduq. Y.Nəbiyev yerli və ya xarici turist olmasından asılı olaraq atla bağlı olan əsərlərinə daha çox üstünlük verildiyini və tez satıldığını dedi: “Atla bağlı rəsmlərin daha çox satılır. Məsələn, at yanında saat və s. işlərə daha çox üstünlük verirlər. Bəzən gül sifarişi verənlər də olur. Taxta üzərində, gül, mənzərə işləyirəm. Hər işimdə müəyyən məna var. Rəssam öz sözünü işləri ilə deyir. Böyük işləri 100-150 manata satıram. Kiçik işlərimin qiyməti isə 10 manatdan başlayır. Ağacdan qələm də düzəltmişəm. Divar saatı düzəltmişəm və işləyir. Onun sxemini, daşını da özüm qoymuşam”. (musavat.com)
Qaynarinfo.az




