Ağac kəsilməsinə həmişə insanlar müxtəlif formalarda etiraz edirlər. Etirazlarını mediada işıqlandırır, dövlət qurumlarına müraciət etməklə həll edirlər. Bu dəfəki etiraz başqa formadadır, vətəndaş dövlət qurumunu ağac kəsilməsinə görə məhkəməyə verib.
Sumqayıt Dövlət Dram Teatrının işçisi Anar Süleymanov Milli.Az-a yazıb ki, şəhərin müxtəlif yerlərində olan ağacların kütləvi qırılmasına görə Sumqayıt Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Ağaclara qarşı olan bu özbaşnalıqlar o dərəcəyə çatıb ki, yaşıllıqlar şəhər icra hakimiyyətinin gözü qabağında hasarlanır və kəsilir. Eldar Əzizov Sumqayıt şəhərinə icra başçısı vəzifəsinə təyin ediləndən sonra bu cür qanunsuzluqlar daha da kütləvi hal alıb. Ağacların kütləvi qırılması son bir il ərzində Cəfər Cabbarlı mədəniyyət evinin yanında, 1-ci məhəllədə, Nəsimi adına parkda, Nəriman Nərimanov küçəsində, mərkəzi kitabxananın qarşısında və sair yerlərdə kəsilib. Maraqlısı odur ki, Sumqayıtın yaşıl donuna zərər verən adamlar cəzalandırılmır. Misal üçün, 2012-ci ildə icra hakimiyyətinin qarşısında, şəhər parkında hansısa bir obyekti tikmək üçün yaşıllıqlarnan sıx olan böyük ərazi hasarlanaraq orada olan ağaclar kəsilmək təhlükəsində qalmışdılar:
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu haqda xəbər verəndən sonra ekologiya işçiləri bu işi protokollaşdırıblar. Sonra mənə 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsindən məktub gəlib. Bu məktubda həmin qanunsuz işin kim tərəfindən aparılmasını müəyyənləşdirmək üçün Sumqayıt Şəhər Polis İdarəsinə, Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə müraciət olunub. Lakin iki ildən artıq vaxt keçməsinə baxmayaraq, bu araşdırmanın nəticəsi olmadı və mənə heç bir rəsmi cavab gəlmədi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Milli.Az-a açıqlamasında bildirdi ki, Sumqayıt şəhərində müxtəlif vaxtlarda ağac kəsilməsi faktları olub, tədbir görülüb, cərimə olunublar.
Məsələn, 2013-cu ilin may ayında 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsində qarağac ağaclarının kəsilməsi faktı olub. Araşdırma zamanı kökü qurumamış 7 ağacın qanunsuz budanması aşkarlanıb. Telman Rzayev 8400 manat cərimə olunub. Elə həmin ilin noyabrında N.Nərimanov küçəsində, 5-ci mikrorayon parkında 3 ədəd qarağac kəsilib və onları kəsən fiziki şəxs 3600 manat cərimələnib. Eyni ünvanda 1 ədəd şam ağacı kəsən 1200 manat cərimələnib. Tapılmayan şəxslər barədə isə hüquq mühafizə orqanlarına müraciət olunub.
Qaynar.info








