Uşaqlar heç vaxt bizim düşündüklərimizi düşünmür. Öz dünyaları var. Onlar həmin dünyada sevinir, oynayır, danışır, gülür.
Biz böyüklər hətta onların gördüklərini görə, hiss etdiklərini hiss edə bilmirik.
Bəzən düşünürük, axı uşaqlar nə istəyir?
"Uşaqlara 40+ sual” layihəsində o suallara cavab tapmağa, bir uşağın dünyasına girməyə və oradan dünyamıza baxmağa çalışacağıq.
Budəfəki müsahibim şəhid gizir İsmayıl Qasımovun oğlu Cəsur İsmayılovdur. Cəsurun 12 yaşı var. Sumqayıt şəhərində yerləşən Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 6-cı sinif şagirdidir.
Cəsur öz adı kimi həm cəsur, həm də kövrək uşaqdır. Atası haqqında danışanda çox kövrəlirdi. Ən böyük arzusu isə atasını görüb onu qucaqlamaqdır.
Onun fərqli maraqları var. Futbol oynamağı çox sevir. Gözəl səsi olan Cəsur muğam dərsləri alır.
Atasının qəhrəmanlığı haqqında ağızdolusu danışır. Deyir ki, atam Rusiyada idi, Polad Həşimovun ölüm xəbərini eşidəndə pis olmuşdu və müharibə başlayanda vətənə qayıtdı.
Cəsurun arzusu isə atasının yolunu davam etdirərək hərbçi olmaqdır.
Anasını da çox sevir bu mərhəmətli oğlan. Deyir, anam məni qucaqlayanda xoşbəxt oluram.
Hə, bir də Cəsurun insanlara mesajı da var.
Deyir, ailə xoşbəxtlikdir. Qoruyun ailələrinizi.
Qaynarinfo Cəsur İsmayılovla müsahibəni təqdim edir: