
Təbrizin “Traxtur” futbol komandası ilə Tehranın “İstiqal” komandası arasında növbəti görüşdə gərginlik yaşanıb.
Təbrizin Səhənd stadionunda baş tutan yarışda təxminən 10 nəfər soydaşımız tutulub. Rejimin təhlükəsizlik qüvvələri Urmu gölünün qurtarılması ilə bağlı şüarlar səsləndirən tamaşaçılara vəhşicəsinə hücum edib və toqquşmalar baş verib. Şüar səsləndirdiyi üçün günahlandırılan və yaxalanan soydaşlarımızın sonrakı taleyi ilə bağlı hələlik heç bir məlumat verilmir.
Güney Azərbaycanın müxtəlif şəhərlərindən stadiona gələn 70 min nəfərdən çox tamaşaçı ingiliscə yazılmış böyük “Save Urmu lake” plakatını qaldırıb və “Urmu gölü can verir-İran onun qətlinə fərman verir!”, “Türklərin iftixarı – Traxtur, Traxtur!”, “Yaşasın Azərbaycan”, “Traxturu el istər - şərəfli millət istər!”, “Gəlin gedək, ağlayaq, Urmu göllünü dolsuraq!” kimi milli şüarlar səsləndiriblər. GünAz.TV-nin xəbərinə görə, stadiona gələn tərəfdarlar məmurlar tərəfindən ciddi şəkildə yoxlanılıb və uşaqların valideynləri tərəfindən stadiona gətirilməsinə icazə verilməyib. Stadionda 150 nəfər “İstiqlal” tərəfdarı da olub və onlara stadionun yuxarı hissəsində yer verilib. Onlar hər zamankı kimi polis rejiminə arxalanaraq tərbiyəsizlik edib, “Traxtur” tərəfdarlarının üzərinə müxtəlif əşyalar atıblar.
Qeyd edək ki, Təbriz və Tehran komandalarının oyunu 1-1-lik bərabər hesabla sona çatıb. “Traktor” İran çempionatının 6-cı pilləsində qərarlaşıb.
Qaynar.info