Vətəndaşlardan biri ailə üzvünü oksigen balonu ilə təchiz olunmuş Təcili Tibbi Yardım (TTY) avtomobili ilə Bakıdan rayona aparmaqda çətinlik çəkib. O TTY avtomobillərində oksigen balonlarının olub-olmaması ilə maraqlansa da, sualına aydın cavab ala bilməyib.
Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, Bakı şəhəri və ölkənin regionları üzrə fəaliyyət göstərən təcili tibbi yardım avtomobillərinin böyük əksəriyyəti oksigen balonları ilə təchiz olunub.
"Hazırda təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının yenilənməsi istiqamətində ardıcıl və mərhələli işlər həyata keçirilir. Bu çərçivədə köhnə və istismara yararsız nəqliyyat vasitələrinin tədricən yeniləri ilə əvəz olunması təmin edilir. Təkcə 2025-ci il ərzində 100-dən artıq istismara yararsız təcili tibbi yardım avtomobili xidmətdən çıxarılaraq, müasir standartlara cavab verən yeni ambulanslarla əvəz edilib.
Bununla yanaşı, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin balansında 2010-cu ildən əvvəl istehsal olunmuş, o cümlədən sovet istehsalı olan avtomobillər də qismən də olsa mövcuddur.
Ümumilikdə, son illər İcbari Tibbi Sığorta sisteminin tətbiqi fonunda təcili tibbi yardım sisteminin infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Təcili tibbi yardım xidmətinin regionlarda daha da təkmilləşdirilməsi, çağırışlara operativ cavab verilməsi və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər ardıcıl şəkildə davam etdirilir", - deyə məlumatda bildirilir.
Şərhlər