Zahir ƏzəmətSuraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı Nahid Cavadovun döyülməsi faktı ətrafında rəsmi qurumların müəmmalı davranışları ciddi suallar doğurur.
Bir gün əvvəl, Təhsil Nazirliyi və Daxi İşlər Nazirliyi mediaya rəsmi açıqlama yayaraq uşağın döyülməsi faktını ört-basdır etməyə çalışdılar.
Guya araşdırmışdılar. Araşdırma da uşağın dindirilməsindən ibarət idi. Belə nəticəyə gəlmişdilər ki, uşaq yerə yıxılıb... Vəssalam.
Ortada heç bir həkim ekspertizası yox, ciddi araşdırma yox...
Hadisəyə hətta Madaqaskar adasından baxanda da bəlli olur ki, uşaq qorxudulub. Həm də yetim bir uşaq...
Rəsmi açıqlamada 3 nazirliyin - Təhsil, Daxi İşlər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının internata getdiyi və araşdırma apardığı qeyd olunurdu.
Və bu açıqlamanı bir gün sonra döyülən uşağın mediada yayılan yeni videosu darmadağın etdi. Bu dəfə uşaq aydın şəkildə məktəbin direktoru Afaq xanım tərəfindən başına taxta ilə döyüldüyünü bildirir. Həm də təkcə onun yox, daha iki uşağın da döyüldüyü faktı ortaya çıxır.
Bu da 3 nazirliyin birgə "araşdırması"nın acı sonluğu...
Bəs deyirdiniz döyülməyib?
Bu gün isə Daxili İşlər və Təhsil Nazirliyi təkrar açıqlama yayıblar. Guya məsələ yenidən araşdırılacaq. Təhsil Nazirliyi hətta az qala medianı ittiham edir: videonu yaymazdan əvvəl gərək bizə xəbər veriləydi, icazə alınaydı-filan...
Baxın, bir olay, hətta bu qədər ictimailəşəndən sonra Təhsil Nazirliyi belə başdansovdu araşdırma aparırsa(ümumiyyətlə, aparırsa), döyülən uşağın hüquqlarını qorumaq əvəzinə, direktor Afaq xanımı qorumağa çalışırsa, media və ya vətəndaş sizə necə inansın? Həmin videonun da ört-basdır edilməyəcəyinə kim zəmanət verə bilərdi?
Bugünki açıqlamada Təhsil Nazirliyi tərəfindən artıq həmin direktorun vəzifəsindən müvəqqəti (!!!!) uzaqlaşdırıldığı bildirilir. Amma yenə xanım direktorun adı çəkilmir. Yəni anladığınız kimi, qoruma cəhdləri davam edir...
Təsadüfə baxın, eyni gündə Mikayıl Cabbarov maraqlı bir əmr imzalayıb: İndən belə işə qəbul olunacaq müəllimlər and içəcəklər. Əla. Qoy indən belə təhsil naziri də daha məsuliyyətli olacağı, yetimlərin, şagirdlərin haqqına girməyəcəyi ilə bağlı and içsin. Daxili İşlər Nazirliyinin, polisin necə işlədiyi ilə bağlı əlavə şərhə ehtiyac yoxdur. Onların and və ya su içməsi heç nəyi dəyişməyəcək.
Amma Mikayıl Cabbarova bəslənən ümidlər var idi axı.
Bu ümidləri bir yetimin göz yaşlarında boğmağa dəyərdimi?