
Rzaqulu Şərifovun «Təhsil Nazirliyinə pul vermişəm» söhbəti müəllimlərin bir aylıq maaşlarından edib
Bərdənin təhsil şöbəsinin müdiri Rzaqulu Şərifovla bağlı yeni və maraqlı məlumat yayılıb.
Bir müddət əvvəl sözügedən şəxsin rayondakı bütün məktəblərdən pul yığdığı, hətta müəllimlərin bir aylıq maaşlarını kəsdiyinə dair bilgilər vardı. Amma bu məsələnin nə üçün baş verdiyi və səbəbləri məlum deyildi.
Dünən bu deyilənlərə aydınlıq gəlib. Sosial şəbəkələrdə yayılımış məlumatlara istinadən xəbər verir ki, Bərdədə müəllimlərin 1 aylıq əmək haqlarının təhsil şöbəsinin müdiri tərəfindən götürülməsinin əsas səbəbi Təhsil Nazirliyindən nümayəndənin rayonda yoxlama aparması ilə əlaqədardır.
Məlumatda vurğulanır ki, təhsil şöbəsinin müdiri nazirlikdən gələn qonaqları qarşıladığını və onların «qulluğunda» dayandığı zaman 40 min manat xərcə düşdüyünü dilinə gətirib.
Vurğulanır ki, Rzaqulu Şərifov bütün məktəb direktorlarını başına yığaraq, həmin 40 min manatı cibindən verdiyini deyil. Üstəlik, bu pulun ona qaytarılmasını tələb edib. Əks təqdirdə, Bərdənin icra başçısı Vidadi İsayevin onun dərisini boğazından çıxaracağını bildirib. Direktorlar da başqa çıxış yolu tapmayaraq, müəllimlərin 1 aylıq maaşlarının şöbə müdiri tərəfindən götürülməsini təklif ediblər. Və bu da Şərifov üçün göydəndüşmə olub.
Bəzi iddialara görə, həqiqətən də Təhsil Nazirliyinin işçiləri Bərdədə yoxlama apararkən xeyli sayda qanunsuzluqlar aşkarlayıblar. Təhsil şöbəsinin müdiri də bu işləri ört-basdır etmək üçün qonaqlara sözügedən məbləğdə rüşvət verməli olub. Amma bir başqa məlumatlarda isə iddia olunur ki, nazirlik işçilərinə pul vermə məsələsi müzakirə predmeti deyil və bu oyun Rzaqulu Şərifovun öz «əməliyyatların»dan biridir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (jam.az)