Xəbər lenti

Təhsilsiz aydınlanma - KÖŞƏ
Ölkə09:36 24.04.2014

Təhsilsiz aydınlanma - KÖŞƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hacı Zeynallı 

"Dalğa" Gənclər Hərəkatının sədri 

Yazıya bu cümlə ilə başlamaq daha yaxşı olardı; düşünün ki, ölkədə qəhrəmanlar var. O igidlər ki, bu gün maarifçilikdən, sistemin kasadlığından və bunun gətirdiyi problemlərdən danışır. Toxunduqları ən başlıca nöqtə isə təhsildir. Onlar təhsil sahəsindəki problemlərdən və bu məsələnin aradan qalxması üçün dil-boğaza qoymurlar. Sosial şəbəkələrdə gündəmə gətirirlər, müzakirələr edirlər, arada real müstəviyə daşıyaraq polemikanı davam elətdirirlər. Deyirsiz ki, burda qeyri-adi nə var axı? Təbii ki, çox gözəldir bunları demək, eləmək...

Amma bütün bunların bir "əmması" da var. Məni narahat edən məsələnin kökü də burda bitib. Bunu dilə gətirənlər kimlərdir axı? İnsanları tanımaq o qədər də çətin bir mərhələ deyil, hətta əgər onlar sənə daha yaxındırlarsa. Ölkə faciəsini dərd bilən insanlar kimlərdir axı? Bir universitet bitirə bilməyib, kəsrlərin dərdini çəkməyi, təhsilini başa vurmağı, öz ixtisasında peşəkarlaşmağı düşünməyi özlərinə çarə bilməyənlər niyə təhsil problemləri mövzusuna sahiblənməlidirlər ki?

Təsəvvür edin ki, təhsildəki rüşvətxorluqla bağlı bir layihə işləyirsiz. O layihədə işləyən bir nəfərin yaxını sizə yaxınlaşıb desin: “Hər şey yaxşıdır. Mövzunu gündəmədə saxlamaq və məsələni qabartmaq çox gözəl işdir. Amma bu layihənin icraçılarından birini düzgün adam seçməmisən. Bilirsən, niyə? Çünki sənin o adamının imtahanlarını mən həll edirəm. Di qalanını özün fikirləş”. 

Bu sözün yükü çox ağırdır, dostlar. İmtahanlara girməyi, universitetə gedib dərsində oturmağı özünə baş ağrısı bilənlər bu gün sistemdəki pozuntudan danışır, bu problemin əziyyətini çiyinlərində yük bilənlərə ağıl verir. Rüşvətsiz təhsil naminə vuruşanlar, dırnağarası aydınlar kəsrlərini pulla həll etməyə çalışırlar. Bəs harada qaldı rüşvətsiz təhsil? 

Gülüncdür. Əslində, bu yazını onlara həsr eləmirəm. Mənim ətrafımda olan, gələcəklərini özümünkü qədər düşündüyüm insanlar üçün yazıram. Ki, onlar sabah gözükölgəli olmasınlar. Toplumu dəyişmək istəyən insanlar topluma örnək olacaq kəsimlər olmalıdır. Biz örnək olmalıyıq. Əgər özümüz nümunə olmayayıqsa, saxta örnəklər təqdim edərək sistemi daha da qəlizləşdirməməliyik.