Ölkə 15:54 18.04.2023

Tələbələr üçün açılan quru sərhədlər bütün vətəndaşlar üçün də açılacaqmı?

"Ümid edək ki, bu qərar Operativ Qərargahın verəcəyi qərara təsir etməyəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkiyədə təhsil alan tələbələrin quru sərhədlər vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilməsinə aydınlıq gətirərkən deyib. Ekspert Operativ Qərargahın yaxın günlərdə bu məsələyə aydınlıq gətirməsinin vacibliyini vurğulayıb:

"Ayın sonuna çox az qalıb. Virus səbəbi ilə sərhədin bağlı qalmasına artıq heç kəs inanmır. Bu, mümkün də deyil, dünyanın bütün ölkələrində quru sərhədlər açılıb. Başqa səbəblər varsa, onu elan eləsinlər, xalq da bilsin. Ümid edək ki, Azərbaycanda da dünya trendlərinə uyğun olaraq quru sərhədlərin birdəfəlik açılması həllini tapacaq. Çünku bu, turizmə, iqtisadiyyata, insanların pisxoloji durumuna, xarici ölkələrdə yaşayan soydaşlarımızın öz ailələri ilə əlaqə saxlamasına ciddi problem yaradır. Bundan əlavə, iqtisadi problemlər də üst-üstə gəlir. Halbuki Azərbaycan höküməti özü də elan edib ki, turizm piroritet sahədir, yaxın 2-3 ildə turist sayını 4 milyona çatdırmaq istəyirlər”.
 


Natiq Cəfərli hesab edir ki, quru sərhədləri bağlı olan ölkə turizmi inkişaf etdirə bilməz:

"Heç mümkün də deyil. Ona görə də ümid edək ki, yaxın günlərdə Operativ Qərargah bununla bağlı son qərarını verəcək və quru sərhədlərin açılması məsələsi həllini tapacaq. Tələbələrlə bağlı məsələni ayrı-ayrılıqda həll etməkdənsə, birdəfəlik bu problemi həll etmək daha doğrudur. Vətəndaşlarda da quru sərhədin açılması gözləntisi formalaşıb. Dünyada virusa görə sərhədi bağlı saxlayan ölkə Çin idi, onlar da yanvar ayının 8-dən quru sərhədlərini açıb”.

Qeyd edək ki, Azərbaycanın Türkiyədəki Səfirliyi qardaş ölkədə təhsil alan vətəndaşlarımıza müraciət edib. Müraciətdə Türkiyədə təhsil alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verildiyi qeyd edilib.

Bahar Rüstəmli