"Xarici təcrübədə tələbələrə xüsusi kartlar verilir və ay ərzində 30 gediş-gəliş pulsuz hesab olunur”.
Bu barədə Qaynarinfo-ya təhsil eksperti Elçin Əfəndi "TələbəPlus” kartı vasitəsi ilə tələbələrə ictimai nəqliyyatda 10 faiz endirimin nəzərdə tutulması barədə danışarkən deyib.
Elşin Əfəndi Azərbaycanda da bu prinsipi tətbiq etməyin vacibliyini vurğulayıb:
"Bu təcrübəni Azərbaycanda da tətbiq etmək olar. Tələbə ay ərzində həftədə 5 gün dərsə gedirsə, 20 gediş və 20 gəlişi pulsuz təmin etmək mümkündür. Xarici təcrübədə bununla bağlı müəyyən edilmiş həddi aşan tələbələr əlavə ödəniş edirlər. Eyni prinsip müəllimlərlə də bağlı tətbiq edilə bilər”.
Ekspert əlavə edib ki, tələbələr ictimai nəqliyyatdan daha çox istifadə edir və ona görə də bu sahədə onlara müəyyən güzəştlərin tətbiq edilməsi təqdirəlayiq haldır.
"Lakin tələbələrin kitablara da ehtiyacı var. Kitab mağazaları "Dərsliyin İnkişaf Fondu” ilə müqavilə bağlasa, tələbələr müəyyən endirimlərdən faydalana bilərlər”, - deyə Elçin Əfəndi bildirib.
Onun sözlərinə görə, "TələbəPlus” kartı yalnız ictimai nəqliyyatda güzəştləri əhatə etmir:
"Kart eyni zamanda iaşə, əyləncə və qida sahələrində də tətbiq olunur. Tələbələr kartı təqdim etməklə müxtəlif güzəştlər əldə edirlər ki, bu, onlar üçün böyük əhəmiyyət kəsb edir”.
Bu gün elm və təhsil nazirinin müavini Kənan Kərimzadə jurnalistlərə açıqlamasında "TələbəPlus” vasitəsi ilə tələbələrə ictimai nəqliyyatda 10 faiz endirimin nəzərdə tutulduğunu bildirib. O əlavə edib ki, hazırda 160 000 tələbə "TələbəPlus” kartindan istifadə edir.
Bahar Rüstəmli
Şərhlər