"Sürücülərin avtomobili idarə edərkən mobil telefonu əldə tutaraq istifadə etməsi yol hərəkəti təhlükəsizliyi baxımından ən ciddi problemlərdən biridir".
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov sükan arxasında mobil telefondan istifadə etdiyinə görə 11 min sürücünün cərimələnməsi ilə bağlı statistikaya münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, ilin əvvəlindən bu qədər inzibati xəta faktının aşkarlanması mövcud cərimə və xəbərdarlıq mexanizmlərinin hələ də istənilən nəticəni vermədiyini göstərir:
"Bu sahədə maarifləndirmə işləri daha da genişləndirilməlidir. Kütləvi informasiya vasitələrində maarifləndirici videoçarxlar hazırlanmalı, məqalələr dərc edilməli, müstəqil ekspertlərin çıxışlarına daha çox yer verilməlidir".
Eldəniz Cəfərov bildirib ki, bu gün smartfon və planşetlər, xüsusilə taksi sürücüləri üçün iş prosesinin ayrılmaz hissəsinə çevrilib:
"Söhbət əsasən naviqasiya proqramlarından gedir. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər smartfonlardan istifadə etməyə məcburdurlar. Lakin bunun da öz qaydası var. Telefon xüsusi tutacaqda yerləşdirilməlidir. Onu əldə tutaraq danışmaq, mesaj yazmaq, hətta hərəkət zamanı naviqasiya proqramına baxmaq belə düzgün deyil".
Ekspert hesab edir ki, problemin həlli yalnız cərimələrin artırılması ilə mümkün deyil:
"Effektiv nəzarət, davamlı maarifləndirmə və sürücülərin məsuliyyətli davranışı birlikdə tətbiq olunarsa, sükan arxasında mobil telefondan istifadənin və bunun səbəb olduğu ağır yol qəzalarının sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Sürücünün şəxsi məsuliyyət hissi burada həlledici rol oynayır. Telefon zəngi və ya mesaj heç vaxt insan həyatından dəyərli ola bilməz. Hər bir sürücü bunu dərk etməlidir. Əks halda, qaydanın bilərəkdən pozulmasının nəticələri çox ağır ola bilər".
Eldəniz Cəfərovun sözlərinə görə, sürücü cəzanın qaçılmaz olduğuna əmin olmalıdır:
"Sürücü bilməlidir ki, qaydanı harada pozmasından asılı olmayaraq, bu pozuntu mütləq qeydə alınacaq. Buna görə də nəzarət sisteminin daha da genişləndirilməsi vacibdir. Əgər cəmiyyət olaraq yol hərəkəti qaydalarının pozulmasını və cərimələrin sayını azaltmaq istəyiriksə, Dövlət Yol Polisinin maarifləndirmə fəaliyyətinə dəstək verməliyik ki, bu istiqamətdə işlər davamlı aparılsın".
Qeyd edək ki, rəsmi statistikaya əsasən, ilin əvvəlindən sükan arxasında mobil telefondan istifadə etdiyinə görə 11 min sürücü inzibati məsuliyyətə cəlb olunub.
Bahar Rüstəmli
Şərhlər