
Görmə qabiliyyətini itirən qadının mənzili özündən xəbərsiz satılıb.
Uzun illər dövlət televiziyasında jurnalist, baş redaktor, şöbə müdiri kimi çalışan qadın evsiz qalıb. 80-ə yaxın yaşı olan Maya Bayramova 1959-cu ildən düz 2007-ci ilə qədər müxtəlif vəzifələrdə çalışıb. Maya xanımın dediyinə görə, 1963-cü ildə həyat yoldaşı dövlət televiziyasında səs rejissoru kimi fəaliyyət göstərən Fikrət Ağazadə ilə birlikdə 2 otaqlı kooperativ mənzil alıblar. İki dəfə göz əməliyyatı olan Maya Bayramova 28 yaşlı yeganə oğlu İlkinin ölümü ilə qalan görmə qabiliyyətini də itirib. Deyir ağlamaqdan gözlərimə qaranlıq çöküb.
Əsl qara günləri isə ərinin ölümündən sonra başlayıb. Maya xanımın sözlərinə görə, əri öldükdən sonra qara günlərini şənləşdirmək üçün ailənin əvvəlcədən tanıdığı və öz yaxını bildyi İlqar Əliyev adlı şəxsdən köməklik istəyib. İşə girişən İlqar Əliyev isə bir müddət sonra Maya xanıma deyib ki, bələdiyyəyə təqdim etmək üçün bir blank doldurub imza atmalıdır. Sən demə bu sadə bir blank yox, evi satmaq üçün etibarnamə imiş.
Dediklərinə görə, 2011-ci ildə baş verən bu hadisədən onun yaxınları bu il mart ayında xəbər tutublar. Belə ki, o, evi qardaşı Xalid Bayramovun adına özəlləşdirmək istəyəndə onlara bildiriblər ki, ev çoxdan satılıb.
Maya Bayramovanın fırıldaqçılıqda günahlandırdığı İlqar Əliyevlə əlaqə saxlamağa çalışsaq da, telefona cavab verən olmayıb. İşi araşdıran Yasamal rayon Prokurorluğunun müstəntiqi Fuad Əhmədov isə bildirib ki, işdə dələduzluq faktı olduğu üçün araşdırma məqsədilə Yasamal rayon polis idarəsinə göndərilib. Burda işi araşdıran şəxs sahə rəisi Eldəniz Hüseynov isə bildirdi ki, hazırda bununla bağlı araşdırma aparılır. Hər halda kimin haqlı, kimin haqsız olduğu indiki halda bəlli deyil. Amma bir köməksiz, yaşlı insanı bu hala salmağa kimsənin haqqı yoxdur.
Qaynar.info