Xəbər lenti

Telestudiyanı kimlər partlatdı?
Ölkə20:08 19.01.2014

Telestudiyanı kimlər partlatdı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Açılmayan bir sirrin izi ilə... 

Bu gün xalqımız yenə də ötən əsrin ən faciəli tarixlərindən biri olan 20 Yanvarı qeyd edəcək. Hamı Şəhidlər Xiyabanına gedib 20 Yanvar şəhidlərinin ruhu qarşısında baş əyəcək. Çünki 20 Yanvar faciə olmaqla yanaşı, həm də istiqlalımızın qanla yazılmış ən şanlı səhifəsidir. Amma həmin gün, doğrudan da, xalqımıza qarşı böyük terror həyata keçirildi. Belə ki, yanvarın 19-dan 20-sinə keçən gecə Bakıda keçirilən “Tayfun” əməliyyatı 134 mülki vətəndaşın öldürülməsi, 600-dən çox insanın yaralanması ilə nəticələndi.

1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə 70 il Azərbaycana ağalıq edən Sovet hökuməti əsl simasını ortaya qoydu. Mərkəzi hakimiyyət dinc əhaliyə qarşı soyqırım siyasəti həyata keçirməyə başladı.

Qeyd edək ki, Sovet qoşunlarının Bakıda ilk hədəfi telestudiyanın enerji blokunun partladılması oldu. Bu “Tayfun” start üçün işarə idi. Bununla da 50 minlik operativ qruplaşma Bakıda qırğınlara başladı.

Moskvadan gələn emissarların Azərbaycan televiziyası vasitəsilə Kremlin Bakıya qoşun yeritməyəcəyi və fövqəladə vəziyyət elan etməyəcəyi barədə vədlərinə baxmayaraq, 1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan televiziyasının enerji bloku partladıldı. 20 Yanvar hadisəsindən sonra Teleradio Şirkətinin rəhbəri Elşad Quliyev vəzifəsindən istefa verdi. 1990-cı il yanvarın 27-də onu Qeysər Xəlilov əvəzlədi. 

Azərbaycan televiziyasının yayımını isə yalnız yanvarın 28-də bərpa etmək mümkün oldu. Beləliklə, qara kostyumda və qalstuksuz efirə çıxan diktor Rafiq Hüseynov 131 dinc oğlu və qızı sovet ordusu tərəfindən qətlə yetirilən xalqımıza başsağlığı verdi. Lakin televiziyamız hərbçilərin nəzarəti altında fəaliyyət göstərdiyi üçün efirə yalnız hərbi senzorun «qayçı»ladığı məlumatlar, veriliş və proqramlar gedirdi.

O vaxtkı məlumatlarda bildirilirdi ki, məhz Rusiyadan verilən tapşırığa əsasın SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, bununla da respublikada televiziya verilişləri dayandırıldı. Əslində, bu Azərbaycan xalqını informasiya blokadasında saxlamaqla "Qırmızı terroru" həyata keçirmək üçün atılmış ilk addım və düşünülmüş planın tərkib hissəsi idi. Amma təəssüflər olsun ki, uzun illər bu məsələ ilə bağlı heç bir hüquqi addım atılmadı, "Alfa" qrupunun həyata keçirdiyi bu terror aktı yalnız mətbuat səhifələrində əksini tapmaqla məhdudlaşdırıldı. 

Yalnız 1998-ci ildə məsələyə hüquqi müstəvidə yanaşılmağa başlanıldı və bununla bağlı cinayət işi açıldı. Nizami Xudiyevin telestudiya rəhbəri olduğu müddətdə bu hadisədə adı keçən şəxslər barədə akt tərtib olundu və bu sənədə bir çox şəxslər imza atdı. Bir çox televiziya işçiləri, mütəxxəsisləri bu kampaniyada fəal iştirak etdi. Çünki həmin vaxt telestudiyanın rəhbəri olan Elşad Quliyevə qarşı da müəyyən ittihamlar səsləndirlirdi. Hətta onun bu işə görə birbaşa məsuliyyət daşıdığını da iddia edənlər var idi. Onun telestudiyadan istefa verməsi isə iddia edənlərə müəyyən əsaslar veriridi. Həmin dövrdə silsilə verlişlər və yazılar da gündəmdə idi. Amma bu məsələlər hüquqi qiymət almadığı üçün kimin kimə böhtan atdığı və ya həqiqəti deməsi də bəlli olmadı. 

Qeyd edək ki, telestudiyanın partladılması ilə bağlı iddialar məhz cinayət işi açılandan sonra daha da kəskinləşdi. Amma sonralar bu cinayət işinin nəticəsi bəlli olmadı, baxmayaraq ki, üstündən bir 15 il keçir. 

Məhz bu qaranlıq məqamlara aydınlıq gətirmək üçün JAM.Az mövzu ilə bağlı araşdırmalar aparıb və Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəisi Eldar Sultanovla əlaqə saxlayaraq 1998-ci ildə açılmış cinayət işinin nəticələri ilə maraqlanıb. O, açıqlamasında bildirib ki, bu mövzu barədə araşdırma aparılacaq və müəyyən məsələləri dəqiqləşdiriləndən sonra hadisənin təfərrüatları barədə açıqlama veriləcək. 

Həmin vaxt hadisələrin şahidi olmuş və uzun illər televiziya təcrübəsi olan tanınmış telejurnalistlər, ekspertlər də bu mövzuda danışmaq istəmədilər. Sadəcə, bəziləri "mən o vaxt heç bir kampaniyada iştirak etməmişəm" deməklə kifayətləniblər. 

Bundan başqa, bu hadisələrin iştirakçısı və şahidi olmuş şəxslər də mövzu ilə bağlı danışmaq istəmədilər. 

Maraqlıdır, 20 Yanvar terrorunu Sovet ordusu həyata keçirməmişdimi? Azərbaycan Telestudiyasını SSRİ DTK-nın "Alfa" qrupu partlatmamışdımı? Əlbəttə, belədir. Bəs belə bir halda niyə bu hadisələrin şahidləri mövzu ilə bağlı danışmaq istəmirlər? Onlara kim mane olur? Yoxsa "Alfa" qrupunu bu hadisələri törətməyə kimlərsə, dəvət etmişdi? Ümid edirik ki, xalqımıza qarşı törədilmiş bu terror hadisəsinə onsuz da gec-tez hüquqi qiymət veriləcək!

Nurlan Əliyev 

JAM.Az