Xəbər lenti

Tibbi faydasına görə tutulan oruc batildir - MÜSAHİBƏ
Ölkə13:38 10.07.2013

Tibbi faydasına görə tutulan oruc batildir - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynar.info ilahiyyatçı-jurnalist Cavid Cabbarlının Bakuinfo.Az-a verdiyi müsahibəni təqdim edir: 

- Bu il Ayın görünməsi məsələsi ilə bağlı ziddiyyətlərə aydınlıq gətirərdiz. Bildiyiniz kimi, Azərbaycanda gah 9-u, gah 10-u tarixləri deyildi.

- Ramazan ayı hicri qəməri təqviminin 9-cu ayıdır. Dünyada daha çox üç təqvimdən istifadə olunur. Miladi - 2013, hicri-şəmsi – 1392 (günəş ili) və hicri-qəməri – 1434 (ay ili). Miladi və şəmsi illəri təqribən 365 gün 5 saat 47 saniyyədən ibarətdir. Elə ona görə də 4 ildən bir fevral ayı 29 gün olur. Bu təqvimin günləri yerin günəşin ətrafına fırlanması ilə hesablanır. Yəni yer "a” nöqtəsindən başlayır 365 günə gəlib həmin nöqtəyə çatır. Amma qəməri təqvimi ayın yerin ətrafına fırlanması ilə hesablanır. Ay yerin ətrafına 29 ya da 30 günə fırlanır. 12 ayın 6-ı 29, 6-ı isə 30 günə. Amma bütün 12 ay həm 29, həm də 30 gün ola bilir. Yeni ayın başlanğıcı iki yolla təsbit olur. Ya köhnə ayın 29-cu günü yeni ay görünməlidir, ya da 30 gün başa çatmalıdır ki, növbəti ay başlasın. Bu dediklərimizi nəzərə alaraq ramazan ayı da 29 və 30 gün ola bilir. Eyni zamanda qəməri təqvimi 355 gün olduğu üçün hər il 10 gün miladi və şəmsi təqvimindən qabağa keçir. Digər tərəfdən üfüqlər də fərqlidir. Yəni dünyanın bir yerində günəş çıxanda, digərində artıq qürub edir. 

Bu məsələ mütəxəssislər tərəfindən çözülən məsələ olamlıdır və elə çözülür də. Sadəcə müsəlmanların arasında ayrıseçkilik salmaq üçün ən əlverişli mövzudur. Hər bir müsəlman vəzifəsini başa düşüb bu kimi məsələləri mütəxəssislərin ixtiyarına buraxaraq ibadətilə məşğul olsa, düşmənin hiyləsi də baş tutmaz. Sevindirici hal odur ki, bu il ölkəmizdə Ramazan ayının başlanğıcında fikir ayrılığı olmadı. Amma ayın bitməsi ilə bağlı eyni sözü deyə bilmərik.

- Ümumiyyətlə, oruc tutmaq hər bir müsəlmana vacibdir?

- Bəli, Quranda "Bəqərə surəsi" 183-cü ayədə açıq şəkildə deyilir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”

Bu, dinin və Allahın müsəlmanlara vacib etdiyi şəriətin bir zəruri əməlidir. Vacib ona deyilir ki, həmin əməli həyata keçirməyən şəxs dini baxımdan cinayətkar hesab olunur və cəzalanacaq. Amma bütün vaciblərdə bəzi istisna halları da mövcuddur.

- Kimlər istisna təşkil edir?

- Buluğ həddinə (qızlar 9, oğlanlar 15 yaşına) çatan hər bir müsəlmana oruc tutmaq vacibdir. Amma dediyimiz kimi bəzi hallarda bu vacibə əməl olunmur. Hətta oruc tutulsa da qəbul deyil. 1) Xəstə (bəzi xəstəliklər var ki, ac qalmaq xəstənin sağlamlığı üçün təhlükə yaradır). 2) Səfərdə olan şəxs (yaşadığı yerdən 6 fərsəx (yəni gediş-gəliş 48km) uzaqlaşan və həmin yerdə 10 gündən az qalsa). 3) Oruc tutmağa taqəti olmayan şəxs.

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz.” Bəqərə surəsi 185-cü ayə. 4) Bəzi xanımlar müəyyən günlərdə oruc tutmamalıdırlar. Bu barədə əməli risalələrdə daha geniş qeydlər var.

- Nə qədər məsafəlik səfərə çıxanda oruc saxlanıla bilər?

- Bu barədə məsələlər çoxşaxəlidir. Amma ümumi şəkildə deyə bilərik ki, yaşadığı yerdən 48 km uzaqlaşan və getdiyi yerdə 10 gündən az qalan şəxs oruc tuta bilməz. Amma öz yaşadığı (vətəni hesab olunan məkan)yerə qayıdandan, eyni zamanda Ramazan ayı başa çatandan sonra həmin gün(lər)in qəzasını tutmalıdır. Qeyd olunan məsafədən az gedilsə, həmin məsafəni gedib amma zöhr namazına qədər yaşadığı məkana qayıtsa və yaxud zöhr namazından sonra istənilən məsafədə səfərə çıxsa həmin günün orucunu tutmalıdır.

- Orucun insan üçün tibbi əhəmiyyəti nədir?

- Oruc tutmaq dinin 10 əməl prinsipindən ikincisidir. Hər şeydən əvvəl ibadətdir. Təbii ki, bütün ibadətlərin insan üçün müxtəlif faydaları var. Ona görə də Oruc tutmağı bir ibadi vəzifə hesab edib bu məqsədlə yerinə yetirməliyik. Hətta bir nəfər orucun tibbi faydalarını nəzərə alıb o məqsədlə tutursa onun orucu batildir. Bütün ibadətlərdə isə mütləq niyyət lazımdır. Biz də niyyət eləməliyik ki, oruc tuturuq qurbətən iləllah. (Allaha yaxın olmaq üçün). Eyni zamanda müasir tibb tam etiraf edir ki, oruc tutmaq bir çox xəstəlikləri müalicə edir. Əziz İslam peyğəmbərindən belə bir kəlam var: "Oruc tutun ki, sağlam olasınız”.