Masallıda Viləşçay Su Anbarı İstismar İdarəsinin əməkdaşı olmuş Cavid Şirəliyevin dələduzluğu ilə bağlı cinayət işinin məhkəmə prosesi keçirilib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib.
İbtidai istintaq zamanı məlum olub ki, Masallıda Viləşçay Su Anbarı İstismar İdarəsinin əməkdaşı olmuş, Masallı rayon Ərkivan qəsəbə sakini Cavid Şirəliyev həmyerlisi, Rusiya vətəndaşı Ağağül Nəsirovun Masallıda fəaliyyət göstərən bazarda tikilməkdə olan "Sərfəli" ticarət mərkəzinə müdir təyin etmək adı ilə onun 83 min manatını mənimsəyərək dələduzluq etməkdə təqsirləndirilir.
İlkin olaraq prosesdə zərərçəkən sərbəst ifadə üçün söz verilib. Agağül Nəsirov ifadəsi zamanı Cavid Şirəliyevi digər bir ortaq dostu vasitəsilə tanıdığını deyib:
"Dostumun vasitəsilə Cavidi tanımışam. Bir yerdə görüşüb söhbət edərkən mənim Rusiya vətəndaşı olmağımı bildi. Görüş zamanı daim o fantastik bir imkana sahib olduğunu vurğulayırdı. Elə bir təsəvvür yaratmışdı ki, bunun 100 min manatlarla pulu müxtəlif yerlərdə dövriyyədədir. Bazarda yeni tikilən ticarət mərkəzinə yeni müdir lazım olduğunu dedi. Buna görə də, ilkin olaraq 60 min manat lazım olduğunu dedi".
Cavid Şirəliyevin bu vədləri Agağül Nəsirovu şirnikləndirə bilib. O, Bakının Binə qəsəbəsində qızına məxsus üçotaqlı mənzilini satışa qoyur.
"Evi 73 min manata satdıq, pulu alanda bu da mənim yanımda idi. Onun maşınında idik. Həmin puldan 5 min manatı mənə verib 68 min manatı götürdü bazar məsələsinə görə".
Agağül Nəsirovun ifadəsindən məlum olub ki, o, ayrı-ayrı vaxtlarda Cavid Şirəliyevə ümumilikdə 83 min manat pul versə də, ticarət mərkəzi fəaliyyətə başlamamış yanaraq yararsız vəziyyətə düşüb.
Pulunu ondan geri istədikdə isə Cavid Şirəliyev ödəməkdən imtina edib.
Qeyd edək ki, tərəflər arasında sövdələşmələr Nərimanov rayonunun ərazisində aparıldığı üçün cinayət işınin istintaqı Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılaraq məhkəməyə göndərilib. Cavid Şirəliyev barəsində CM-nin 178.2.3 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Şərhlər