
10 gün öncə ticarət obyektləri Metropoliten İdarəsi tərəfindən bağlanan metro ticarətçiləri bu gün yenidən "Neftçilər" metrostansiyasına toplaşıblar və etirazlarını bildirirlər.
Musavat.com-un əməkdaşı ilə söhbətlərində ticarətçilər öz mallarını yığışdırıb apardıqlarını deyiblər və əlavə ediblər ki, indi də bir müddət öncə metro tunellərində yer almaq üçün Metropoliten İdarəsinin sabiq rəisi Tağı Əhmədovun adamına verdikləri pulları geri istəyirlər.
Reportyorumuzun verdiyi xəbərə görə, kortəbii və yalnız şikayət xarakterli aksiya keçirən ticarətçilərin sayı əlliyə yaxın olub. Ətrafda polis qüvvələri əvvəlcə müdaxilə etməsələr də, zamanla hərəkətə keçiblər və ticarətçilərdən keçidi tərk etmələrini tələb edib, daha sonra onları sıxışdıraraq keçiddən çıxarıblar.
Reportyorumuz xəbər verir ki, ticarətçilərin metrostansiyasının yaxınlığında toplaşması davam edir. Ən son xəbərə görə, təicarətçilərin bir qismi stansiya rəisinin otağına dəvət olunub, bir hissəsi isə uca səslə şikayətlərini səsləndirirlər. Şikayətçilərin çox qadınlardır deyə, polislər onlara hücum etmirlər.
Qeyd edək ki, bundan əvvəl ticarətçilərin keçirdikləri aksiyalar heç bir nəticə verməyib, onları "20 Yanvar" metrostansiyası istisna olmaqla bütün metro tunellərindən kənarlaşdırıblar.
Qaynar.info






