
Bu gün saat 12-də Nəsimi rayon Məhkəməsində Müsavat Partiyasının başqan müavini, "Yeni Müsavat" qəzetinin əməkdaşı Tofiq Yaqublunun həbs müddətinin uzadılması ilə bağlı məsələyə baxılıb və məhkəmə T.Yaqublunun həbsini daha iki aylığına artırıb.
Bu barədə musavat.com-a açıqlama verən vəkil Nemət Kərimli bildirib ki, onun müvəkkili T.Yaqublu barədə belə bir qərarın çıxarılması ədalətsizlikdir: "Həbs müddətini o vaxt uzadırlar ki, buna zərurət olsun və bu tədbir cinayət işindəki mürəkkəbliklərdən irəli gəlsin. Ancaq bütün israrlarıma baxmayaraq, hakim Tofiq Yaqublunun işindəki mürəkkəbliklərin nədən ibarət olduğunu söyləyə bilmədi".
N.Kərimli onu da bildirib ki, Nəsimi məhkəməsinin bu qərarından apelyasiya şikayəti veriləcək.
Qeyd edək ki, bu il yanvarın 23-də İsmayıllıda baş verən iğtişaşlardan bir gün sonra cəmi 10 dəqiqə bu rayonda olmuş T.Yaqublunu xalqı itaətsizliyə çağırmaqda təqsirləndirirlər. Beynəlxalq təşkilatlar bu ittihama şübhə ilə yanaşır və işi diqqətdə saxlayırlar.
Qaynar.info