
Bakının mərkəzində yerləşən daha bir tarixi bina arxivə qovuşmaq təhlükəsi ilə üz-üzə qalıb.
Belə ki, məmurların tamahkarlığı, onların biznes maraqları və aidiyyəti qurumların rüşvətxorluğu ucbatından memarlıq abidəsi sayılan Yusif Məmmədəliyev küçəsində olan 6 saylı bina (Fransa səfirliyi ilə üzbəüz - E.S) qəzalı vəziyyətə düşə bilər. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunan yaşayış binasının damı satışa çıxarılıb.
İmkanlı şəxslər, yüksək çinli məmurlara arxalananlar sözügedən binanın damında qanunsuz tikinti işləri həyata keçirir. Buna qədər artıq binanın damına iki belə mənzil tikilib. Bu qədim arxitekturaya malik tikilinin mansardına müdaxilə olunması nəticəsində bina şəhərin mərkəzində kənardan çox əcaib görünür. Üstəlik, mansardda tikililərin artması binanın qəzalı vəziyyətə düşməsi perspektivi yaradır ki, bu da yerli sakinləri narahat etməkdədir.
Onların sözlərinə görə, Y.Məmmədəliyev 6 ünvanında indiyə qədər iki belə qanunsuz ev tikilib. Onlardan birinin Hollandiyanın ölkəmizdə keçmiş səfiri Qoverd Artur Arnolda məxsus olduğu iddia olunur. Keçmiş səfirin ölkəmizdə şəxsi biznesinə görə bu binada yaşadığı qeyd olunur. Bundan əlavə də binanın mansardında bir rus da özünə ev tikdirib.
Ancaq gedişatın dərinləşdiyini görən sakinlər aidiyyəti orqanlara üz tutmağa məcbur olublar. Buna səbəb bugünlərdə binanın mansardında növbəti tikintinin başlanması olub. Sakinlərin sözlərinə görə, fövqəladə hallar naizi Kəmaləddin Heydərovun adından istifadə edən Fəxrəddin adlı şəxs burada özünə ev tikdirir. Tikintiyə nəzarət edən Mübariz adlı biri isə şikayətlənən qonşulara özünü FHN rəhbərinin adamı kimi təqdim edib.
Vətəndaşlar isə iddia edirlər ki, əslində məqsəd mansardda qanunsuz tikililəri artırmaqla binanı qəzalı vəziyyətə salmaq, sonra köhnə binada yaşamağın təhlükəli olduğunu əsas gətirib, burada illərdir yaşayan insanları evlərindən çıxarmaqdır. Səbəb isə binanı söküb yerində hotel inşa etməkdir. Sakinlər deyirlər ki, yaxınlıqdakı binanın da taleyi belə olub. Məşhur iş adamı İsgəndər Xəlilov vətəndaşları evlərindən didərgin salaraq orada hotel tikdirdi. İndi oxşar aqibət Y.Məmmədəliyev 6-da yaşayanları gözləyir. Şikayətçilərin nümayəndəsi olan yerli sakin Nailə Quliyevanın müraciət etmədiyi dövlət orqanı qalmayıb, amma bununla maraqlanan yoxdur.
N.Quliyeva tikintinin qanunsuz həyata keçirildiyini, heç bir sərəncam və sənəd-sübut olmadığını deyir: “Qanun hamı üçün bir olmalıdır. Bezmişik artıq, nə vaxta qədər davam etməlidir? Kim ixtiyar verib ki, gəlib binanın damını zəbt edəsən? Binanı təhlükəli vəziyyətə salıblar. Bina 3 mərtəbəlidir. Bunlar 4-cü mərtəbəni özlərindən tikirlər”.
N.Quliyeva deyir ki, Mədəniyyət və Turizm Nazirliyi müraciətə cavab verib: “Nazirlik binanın tikintisinə icazə verməyib. Bundan əlavə, türkiyəli Akif Akbulud adlı şəxs binanın divarlarını dağıdıb, özbaşına tikinti işləri aparıb, binanın həyətində lift quraşdırma işləri gördürüb, həyəti zəbt edib özünə ofis açdırıb. Binanın Əlizadə küçəsi 14-ə çıxışı olmayıb. Bu adam isə qanunsuz yolla Əlizadə küçəsinə qapı açdırıb. Tarixi-memarlıq binası beləcə məmurların ucbatından məhv edilir. İcra hakimiyyətində rüşvətxor məmurları ələ alaraq istədiyini edir”.
Digər şikayətçilər - Natəvan Miriyeva, Homa Cəfərova, Sevda Rzayeva və Zemfira Rəhmanova da qeyd edirlər ki, dövlət orqanları tarixi binanın dağıdılmasının qarşısını almalıdır. Sakinlər bildirirlər ki, “Floin -tur” agentliyinin direktoru olan A.Akbuludun qanunsuz tikinti işləri aparmasına qadağa qoyulması barədə məhkəmə qətnaməsi var. Onlar bizi qətnamə ilə tanış etdilər.
N.Quliyeva qəzet vasitəsilə prezidentə müraciət etdi: “Biz tələb edirik ki, şəhərin mərkəzində tarixi binanın məhv olunmasına imkan verməsinlər. Qarşıdan seçkilər gəlir və ölkə başçısı bunu nəzərə alsın. Əks halda, seçkidə səs verməyəcəyik. Bəs nazir niyə adının bu məsələdə hallanmasına göz yumur? Əgər həqiqətən də onun qohumu deyilsə, onda bu işə son qoyulsun. Bəsdirin Bakının tarixini məhv etdiniz. Nə qədər davam edəcək bu?”
Şikayətçi bildirdi ki, iyulun 3-də onlar Səbayel Rayon İcra Hakimiyyətinə zəng ediblər. Qurumdan nümayəndə gələndən sonra tikinti dayandırılıb: “İcra hakimiyyətinin ilk rəsmi cavabında burada tikinti aparılmasının yolverilməz olduğu qeyd edilib. Ancaq ikinci dəfə RİH-dən yazılı cavab gəlib ki, onlar tikinti işinə etiraz etmirlər. Deməli, həmin şəxs gedib onları ələ alıb. Ortada Mədəniyyət Nazirliyi var, tarixi abidəyə sahib çıxıb. Dərəbəylikdir yoxsa cəngəllik qanunları ilə ölkəni idarə edirlər bilmirəm. Mən YAP-ın qərargahına da getdim. Köməklik istədim. Bilirdim ki, nəticəsi olmayacaq. Sadəcə, Əli Əhmədov kimi adamların xalqa yalan danışdığını sübut etmək istəyirdim. YAP-dan mənə deyildi ki, hara istəyirsən şikayət et”.
Müsahibimiz əlavə etdi ki, şəhərin mərkəzində tarixi binanı qorumasalar yol bağlayıb piket keçirəcəklər.
Bu arada FHN-dən iki nəfər nümayəndə əraziyə gəldi. Onlar tikinti gedən yerə baxış keçirdilər, fotogörüntülər aldılar.
Kamran adlı nazirlik nümayəndəsi iş icraçısı olan Mübariz adlı şəxslə yerindəcə telefon əlaqəsi saxladı. Qarşı tərəfin nə dediyindən asılı olmayaraq FHN nümayəndəsi bildirir ki, bu iş sərəncamsız, icazəsiz görülür. O, nazirin adının bu məsələdə hallanmasına etiraz etdi və N.Quliyeva başda olmaqla, sakinlərə ölçü götürüləcəyinə söz verdi.
Qaynar.info