
Ali təhsil müəssisələrinə qəbul qaydalarını və qəbul imtahanı proqramlarını dərc edilib
2014-cü il üçün ali təhsil müəssisələrinə qəbul qaydaları elan olunub . Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Qaynar.info-ya verilən məlumata görə, “Abituriyent” jurnalının 1-ci sayı nəşr olunub. Juranlda 2014/2015-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını və bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramlarını dərc edilib.
Jurnalda tələbə qəbulu qaydaları, qəbul imtahanı proqramları, hərbi liseylərə qəbul imtahanı proqramları, ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri, fənlər üzrə açıq tipli test tapşırığı nümunələri, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları açıqlanıb.
2013-cü ildə olduğu kimi bu il də bütün ixtisas qruplarında iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq: I ixtisas qrupunda – riyaziyyat və fizika; II ixtisas qrupunda – riyaziyyat və coğrafiya; III ixtisas qrupunda – riyaziyyat və tarix; IV ixtisas qrupunda – riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından da istifadə ediləcək.
Xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ali Hərbi Məktəblərə, Tibb Universitetinin Ali Hərbi Tibb Fakültəsinə, Orta Hərbi Tibb Məktəbinə və Hərbi liseylərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir.
Qaynar.info