Xəbər lenti

Dünya 22:27 08.04.2024

Trampın hakimiyyətə qayıdışı Ukrayna savaşını bitirəcək? (ŞƏRH)

"Tramp hakimiyyətə qayıdacağı təqdirdə də Ukrayna xalqı təslim olmayacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Donald Trampın hakimiyyətə qayıdışı fonunda Kiyevə təzyiq etməklə Ukraynadakı müharibəni dayandıracağını söylədiyi barədə Amerika mətbuatında gedən yazıları şərh edərkən deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, siyasətçilər hakimiyyətə can atanda şirnikləndirici vədlər verirlər:
 
"Xarici siyasət istiqamətində də onların müəyyən vədləri olur. Tramp da yenidən prezident olmağa çalışır. Ona görə də özünü bacarıqlı, mövcud problemlərin həllinə qadir prezident kimi göstərmək üçün ağlına gələn səfeh sözləri ortaya atır. Onun Ukraynanı Donbas və Krımdan əl çəkməyə, Rusiyanı müharibəni dayandırmağa məcbur edəcəyi barədə vədləri də özünü bacarıqlı prezident kimi göstərmək cəhdidir. 
 


ABŞ altı aydır ki, Ukraynaya silah vermir. Belə fonda Ukrayna vəziyyəti ağır olsa da, döyüşür. Tramp prezident olduqdan sonra Kiyevi Donbas və Krımdan imtina etməyə məcbur etsə belə, Ukrayna rəhbərliyi və xalqı buna razı olmayacaq. Bu halda, Vaşinqton Ukraynaya silah verməyi yenə də kəsəcək. Ancaq Avropa İttifaqı Kiyevə silah verməkdə davam edəcək. Ukrayna da öz daxili istehsalını daha da gücləndirəcək". 

Qeyd edək ki, "The Washington Post" nəşri mənbələrinə istinadla ABŞ-ın keçmiş prezidenti Donald Trampın Kiyevə təzyiq etməklə Ukraynadakı münaqişəyə son qoya biləcəyini söylədiyindən yazıb. Nəşrin məlumatına görə, Donald Tramp bildirib ki, Kiyevə müəyyən ərazilərdən imtina etməsi üçün təzyiq etməklə Rusiyanın Ukraynadakı müharibəsinə son qoya bilər: "Trampın təklifi Ukraynanı Krımı və Donbası Rusiyaya verməyə məcbur etməkdir".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?