
"Tramp seçiləndən sonra dünyadakı bütün indekslər, o cümlədən dolların özü də ucuzlaşmağa başladı. Sonradan bir toparlanma oldu. Artıq dünən axşamdan stabillik yaranıb. Hamı bir gözlənti içindədir".
Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Donald Trampın maliyyə-kredit siyasətinə münasibət bildirərkən deyib.
Ekspert vurğulayıb ki, Donald Tramp seçki kompaniyasında Federal Rezerv sisteminin daha aqressiv artırılmasının tərəfdarı olduğunu demişdi: "Bu baş versə, təbii ki, dünyada dollar bahalaşacaq. Bu Azərbaycana da təsirsiz ötüşməyəcək. Onsuzda manatın vəziyyəti daxili problemlərdən qaynaqlanan məslələrə görə çox ağırdır. Dünyada da bu başlasa, manatın dəyərdən düşməsi sürətlənə bilər".
Natiq Cəfərli onu da qeyd edib ki, seçki dönəmində səsləndirilən şüarlar, populizm başqadır: "Seçkidən sonra siyasətçilərin atdığı addımlar tamam fərqli anlama gəlir. Hamı indi açar postlara kimlərin təyin olacağını gözləyir. Dünya birjaları artıq buna köklənib. Bəzi adların aşıqlamasından sonra dünya birjalarında buna bir reaksiya olacaq".
Ekspertin sözlərinə görə, dünyada dolların bahalaşması digər bir tərəfdən də Azərbaycana təsir edir: "Neftin qiyməti ucuzlaşır. Yəni bu iki yöndən Azərbaycana təsiri ola bilər. Tramp dediyi kimi, daha aqressiv maliyyə-kredit siyasəti yürüdəcəksə, FED-in faiz artımına çalışacaqsa, bunun nəticəsini yaxın gələcəkdə görə bilərik".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az