"Putin Trampla görüş üçün yəqin ki, Bakı və ya Astana şəhərlərindən birinin üstündə dayanacaq”.
Qaynarinfo-ya açıqlamasında bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Trampla Putin arasında ehtimal edilən görüşün Bakıda baş tutması ehtimalını şərh edərkən deyib:
"Məlumdur ki, Trampla Putin arasında görüşün keçiriləcəyilə bağlı razılaşma əldə olunub. Sadəcə, görüşün keçiriləcəyi vaxt və yerlə bağlı məsələ açıq qalır. Analitiklər mətbuatda keçiriləcək yer kimi daha çox 3 şəhərin adını hallandırırlar. Onlar belə bir görüşün Bakı, İstanbul və ya Astana şəhərlərində keçiriləcəyini proqnozlaşdırır. Eyni zamanda, məsələdə Avropa ölkələrindən birinin adı da hallanır. Ancaq hesab edirəm ki, belə bir görüşün İstanbul, Bakı və ya Astana şəhərlərindən birində keçirilməsi ehtimalı daha yüksəkdir. Putinlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarı var”.
Deputat qeyd edir ki, Putin həmin qərardan sonra, xaricə, xüsusən də Avropa ölkələrinə səfər etməkdən çəkinir:
"Bu müddət ərzində o sadəcə Çinə, Şimali Koreya və postsovet məkanındakı bəzi ölkələrə səfər edib. Uzun müddətdir, İstanbulda Ərdoğanla Putin arasında görüşün keçirilməsi gündəmdədir. Görüşlə bağlı məsələlər razılaşdırılsa da, hələ də bu görüş reallaşa bilmir. Putin İstanbula getmədi və görüş baş tutmadı. Bu baxımdan Tramp-Putin görüşü üçün daha çox Bakı və Astananın üzərində dayanıla biləcəyini düşünürəm. Putin tərəfindən görüş üçün bu iki şəhər daha məqbul hesab edilə bilər. Ona görə də Putin yəqin ki, görüş üçün Bakı və ya Astananı təkid edəcək. Trampın isə belə bir problemi yoxdur”.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün qədər tez görüşmək istəyir.
Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals isə "ABC News” telekanalına ABŞ-ın seçilmiş prezidenti və Rusiya lideri arasında telefon danışığının yaxın gələcəkdə baş tuta biləcəyini deyib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Moskvada keçirdiyi brifinqdə bildirib ki, bir neçə ölkə Moskvaya Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın mümkün görüşü üçün öz məkanlarını təklif edib. O bildirib ki, görüş üçün üç neytral paytaxtın adı hallanır. Ancaq onların adlarını çəkməyib. Analitiklər isə belə bir görüş üçün 4 şəhərin adını çəkir. Bunlar Vyana, Bakı, İstanbul və Astana şəhərləridir.
Rüfət Sultan
Şərhlər