
Şərif Ağayar
Tüpürmək insanın mənəvi aurasına ən kəsərli müdaxilə üsuludur.
O həm də strateji manevrdir. Görmürsünüzmü, Şekspir, Cavid, Səməd Vurğun və yaxud teatr pafosu ilə yazan digər dramaturqlar birdən qayıdırlar ki, tfu sənə ey, nə bilim nə! Tfu!!! Söz bir az səs effektindən zəifdir. Başqa xalqları bilmirəm, bizdə ürəkdən gələn tüpürcəyin səsini sözə çevirmək mümkün deyil. Bəlkə elə ona görə biz yaxşı tüpürə bilmirik!
Rəvayətə görə Teymurləng İldırım Bayazidi əsir alandan sonra onu qızıl qəfəsdə saxlayır, böyük hörmətlə yanaşırmış. Hərdən kefinin saz vaxtı çağırıb dünyanın gəliş-gedişindən sorğu-sual edir, onu ələ salırmış. İldırım Bayazid də balaca adam olmadığı üçün öldürücü tənələrin altında boyun bükmür, mümkün qədər qürurunu saxlamağa çalışırmış. Bəzən yürütdüyü ağıllı müddəalar Teymurun xoşuna gəlir, xoşuna gəldikcə bu qoca, şikəst və xəstə manyak daha da əsəbləşir, əsəbləşdikcə öz sultan-əsirini daha artıq alçaltmaq istəyirmiş. Bir gün Bayazid nə deyirsə, Teymur dözmür, qəzəblə onun sifətinə tüpürür. Bayazidin ürəyi partlayır!
Təsəvvür edin, o boyda taxt səltənəti yerlə-yeksan olan üstəlik quş kimi qəfəsdə bəslənən cahangir bütün bunlara dözür, adi bir tüpürcəyə yox! Yaxud Cəlalın məşhur filmdə haqlı olaraq Gəray bəyin üzünə tüpürməsi... Bu sütül oğlan hər şeyini kayb edib əzabla öldürülsə də, adi bir jestlə gözümüzdə qalib olaraq qalır. Gör bu yerdə nə yadıma düşdü: hansısa ölkədə uzağa tüpürmək yarışı keçirilir. Şəxsən mən insan münasibətlərinə ciddi təsir edən bu mayenin belə boşuna axıdılmasının tərəfdarı deyiləm.
Başqa bir rəvayətdə mənim kimi əbləh azarkeşlər ərinmədən Aristoteli bir milyonçunun evinə qonaq aparırlar. Bəlkə də yazıq filosof heç getmək istəmirmiş... Milyonçu qızıla qərq olmuş sarayı ilə öyünür, hər köşə-bucağı böyük filosofa öz üstünlüyünün xüsusi əlaməti kimi təqdim edir. Birdən Ərəstun kişi, eləmə tənbəllik, milyonçunun üzünə tüpürür. Və əlini sifətinə aparıb sual dolu nəzərlərini ona dikən ev sahibinə deyir:
- Müəllimlərim mənə öyrədiblər ki, tüpürcəyin gələndə, ən natəmiz yerə tüpür, incimə, mən sənin evində sifətindən daha idbar bir yer görmədim.
Bu əhvalatı isə həqiqətən baş verdiyi üçün heç vaxt unutmuram: Məmmədəmin Rəsulzadədə şəkər xəstəliyi varmış və ağzı quruduğundan tez-tez tüpürürmüş. Hadisələrin dramatikliyi nakam liderin səhhətinə pis təsir edir və tüpürcəklərin sayı artmağa başlayır. Onunla təzə tanış olan gənc bir xanım bu adətinin səbəbini soruşanda Rəsulzadə gülümsəyir:
- Biz bu dünyaya tüpürə-tüpürə gəlmişik, tüpürə-tüpürə də gedəcəyik…
Bu qədər.
Qaynar.info