Anası Başxanım Abbaslı dünən Tural Abbaslı ilə görüşüb. Bu barədə musavat.com-a Başxanım xanım özü məlumat verib: “Turalın saxlanma şəraiti ilə bağlı durumu əvvəlkinə nisbətən düzəlib. Ancaq rəngində sarılıq var. Səbəbini Turaldan soruşdum , havasızlıqdan belə olduğunu dedi. Ancaq mən belə başa düşdüm ki, bu onun vaxtlı-vaxtında yemək yeyə bilməməsidir. Çünki evdən apardığım sovqatı götürmürlər, onlar verəni də Tural yeyə bilmir. Sadəcə biz apardığımız peçenye və su ilə durur. Ancaq Tural azadlığa çıxandan sonra ciddi müalicəyə ehtiyacı olacaq. Tural arıq idi, amma indi həddindən çox arıqlayıb.”
Başxanım Turala olan təzyiq və işgəncələrin Ombudsmanın diqqətindən sonra düzəldiyini deyib: “Ombudsmanın nümayəndəsi gələndən sonra vəziyyət bir az düzəldi. Daha əvvəlki kimi qandallamırlar. Tural yenə də əvvəlki kimi qaydaları bilmək üçün təlimatı istəyir oxusun, ancaq vermirlər. Bundan başqa 10 dəqiqəlik görüşümüzdə partiya ilə bağlı da soruşdu ”.