Xəbər lenti

İdman 15:43 19.04.2024

"Turan Tovuz”un kapitanı: “Düşünmürəm ki, belə şeylər baş verər”

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura start veriləcək. Turun ilk oyun günündə "Turan Tovuz” doğma meydanda "Sumqayıt”la qarşılaşacaq. Hər iki klub avrokuboklara vəsiqə uğrunda mübarizə apardığı üçün qarşılaşmanın maraqlı keçəcəyi gözlənilir.

"Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev qarşılaşmadan öncə Qaynarinfo-ya açıqlamasında həm oyun, həm də onun ətrafında yaranan söz-söhbətlərə münasibət bildirib:

"Sumqayıt” öz oyunu ilə çempionatda necə rəqib olduğunu göstərib. Bütün komandalardan xal almağa çalışıb. Hazırkı turnir cədvəlindəki mövqeləri də necə komanda olduqlarını göstərir. Biz də yaxşı hazırlaşmışıq. Meydana çıxıb nəticə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qələbə daha gözəl olar. Altıxallıq oyundur, udsan keçirsən, uduzsan, rəqib səndən uzaqlaşacaq. Düşünürəm ki, çətin oyun olacaq. Tapşırıqları yaxşı şəkildə yerinə yetirməyə çalışacağıq”.

Şəhriyar "Turan Tovuz”un avrokuboklara vəsiqə şansını da dəyərləndirib:

"Reallığa baxsaq, şanslarımız var. Sırf Avroliqaya getməliyik deyə də düşünməmişik. İlk gündən komanda formalaşdırmağa çalışmışıq. Deməzdim ki, üzərimizdə təzyiq var. Qarşımızda konkret belə məqsəd yoxdur. Amma şansımız var, çempionatın sonuna qədər bunu saxlamağa çalışacağıq”.

"Turan Tovuz” - "Sumqayıt” oyunu ətrafında bir neçə gündür ki, xoaşgəlməz söz-söhbətlər gəzir. Əliyev bunlara fikir vermədiklərini söyləyib:

"Oyundan əvvəl sosial-şəbəkələri və ya saytları oxumuruq. İstəmirik futbolçulara nəsə təsir etsin. Bununla belə düşünmürəm ki, belə şeylər baş verər. Bunlara əhəmiyyət vermirik, çıxıb oyunumuzu keçirməyə çalışacağıq. Düzdür, bütün komandalara qarşı hakim səhvləri olur. Amma bunu düşünmürük, komanda olaraq oyuna köklənmişik və baş məqşçinin verdiyi tapşırıqları yaxşı yetirməyə, nəticə qazanamağa çalışacağıq. Qırağa fikir vermirik”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->