Xəbər lenti

Türkiyə-Fransa istiləşməsi kimin təşəbbüsüdür?
Şahin Cəfərli
Siyasət 15:08 19.01.2021

Türkiyə-Fransa istiləşməsi kimin təşəbbüsüdür?

Şahin Cəfərli

Fransa Prezidenti Emmanuel Makronun Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana məktubu ilə bağlı türk mediasının birtərəfli yayınları insanları yanıldır. Bu yayınlar belə bir təsəvvür yaradır ki, Makron öz səhvini başa düşərək münasibətləri yaxşılaşdırmaq üçün Ərdoğana müraciət edib, rəis də onu bağışlamağa qərar verib və təklifi qəbul edib.

Makron doğrudan da Ərdoğana çox isti məktub yazıb. Namə türkcə "Dəyərli Tayyib" xitabı ilə başlayır. Amma Türkiyə iqtidar mediasının gizlətməyə çalışdığı gerçək budur ki, Makronun məktubu əslində Ərdoğanın jestlərinə cavabdır.

Belə ki, ötən ilin dekabrında Ərdoğan koronavirusa yoluxan Makrona məktub yazaraq keçmiş olsun diləklərini çatdırıb. Məktub təkcə bu diləklə məhdudlaşmayıb. Ərdoğan təklif edib ki, iki ölkə arasında COVID-19-a qarşı birgə fəaliyyət, Türkiyə-Avropa Birliyi münasibətləri və regional məsələlərlə bağlı (Liviya, Suriya və s.) müzakirələr aparılsın. Makron bu təklifi qəbul edib və videokonfrans formatında Ərdoğanla müzakirələrə hazır olduğunu söyləyib. Prezidentlərin tapşırığı ilə Xarici İşlər nazirləri əlaqələrin inkişafına dair yol xəritəsi üzərində çalışmağa başlayıblar.

Yeni il ərəfəsində isə Ərdoğan həm təbrik, həm də Fransadakı terror aktları ilə əlaqədar başsağlığı vermək üçün Makrona məktub göndərib. Paralel olaraq, Türkiyənin Fransadakı səfiri dəyişdirilib və bu vəzifəyə Tunisdəki səfir Əli Onanər təyin olunub. Əli Onanər Makronla şəxsi tanışlığı olan təcrübəli diplomatdır, onlar Fransa dövləti üçün kadrlar hazırlayan elit məktəbdə (Ecole Nationale d’Administration) kurs yoldaşı olublar.

Yəni Makronun məktubuna məhz bu hadisələr zəmin təşkil edib. Təbii ki, əlaqələrin inkişafı Türkiyə ilə yanaşı, Fransanın da maraqlarına uyğundur. İki ölkənin əməkdaşlıq, hətta müttəfiqlik münasibətlərinin dərin tarixi var, zaman-zaman önə çıxan və bəzən kəskinləşən rəqabəti düşmənçilik kimi qiymətləndirməyin əsası yoxdur.  

Prezident Ərdoğan təkcə Fransa ilə deyil, ümumilikdə Qərblə (eləcə də İsrail ilə) münasibətləri istiləşdirməyə qərar verib. Bunun səbəbləri, Ərdoğanın məqsədləri barədə daha sonra yazarıq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->