Dünya 19:22 27.05.2022

Türkiyə İsveç və Finlandiyadan konkret addımlar atmasını gözləyir

Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı etirazlarını aradan qaldırmaq üçün İsveç və Finlandiyanın konkret addımlar atmasını və terrorçu qruplara dəstəyini dayandırmasını gözləyir.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Rusiyanın Ukraynaya təcavüzündən sonra İsveç və Finlandiya NATO-ya üzvlük üçün müraciət edib. Ancaq gözlənilmədən Türkiyə hər iki ölkənin Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatı ilə əlaqəsi olan şəxsləri və Ankaranın 2016-cı ildə dövlət çevrilişinə cəhdi təşkil etməkdə ittiham olunan Fətullah Gülənin tərəfdarlarını himayə etdiyini bildirərək onların NATO üzvlüyünə qarşı çıxıb. 

"Türkiyənin narahatlığı ilə bağlı konkret addım atılmalıdır. Onlar terrora verilən dəstəyi kəsməlidirlər”,- Çavuşoğlu mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

Prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü deyib ki, Ankara bu ölkələr tərəfindən Türkiyəyə qarşı silah ixracına qoyulan embarqonun ləğv edilməsinə müsbət münasibət müşahidə edib. 

İsveçin xarici işlər naziri Ann Linde isə Tvitter səhifəsində dialoqun konstruktiv olduğunu və davam etdiriləcəyini bildirib.

Nurlan Hüseynov