Xəbər lenti

Türkiyə mediası Azərbaycandakı “nurçu ovu”ndan yazdı
Ölkə11:31 16.04.2014

Türkiyə mediası Azərbaycandakı “nurçu ovu”ndan yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həbs edilənlər “baş nazirin dosyesindəki isimlər deyil” iddiasını irəli sürən Odatv.com “baş naziri kim aldatdı” sualına cavab axtarır

Azərbaycanda nurçuların həbs edilməsi xəbərləri Türkiyə mediasının diqqətindədir. ölkənin bir sıra qəzet və saytları Azərbaycandakı əməliyyatı yalnız xəbər kimi təqdim etsə də, bir sıra saytlar xəbəri geniş kontekstdə şərh edib. Odatv.com saytında bu haqda dərc olunan “Azərbaycandakı əməliyyatı əslinə “camaat”mı keçirir?” başlıqlı məqaləni təqdim edirik:

“ Azərbaycan hakimiyyətinin nurçulara qarşı əməliyyatında 40-dan artıq insan saxlanıb. Bakının Yasamal rayonunda və Göyçayda eyni zamanda həyata keçirilən əməliyyatlarda həbs olunanlar sırasında Türkiyə vətəndaşları da var. Ancaq əməliyyat zamanı yaxalananlar Fətullah Gülən “camaat”ının üzvləri deyil. Saxlananlar Gülən “camaatın”a məsafəli davranan “Sunqurlar hərəkatı”nın üzvləridir”.

Yazıda iddia olunur ki, Azərbaycanda nurçu adı ilə Gülənin düşmənlərini həbs edirlər. Azərbaycanda Gülən “camaatı”na qarşı məqalələri ilə tanınan Axar.az saytının xəbərinə görə, saxlanan şəxslər Fətullah Gülənin Səid Nursiyə xəyanət etdiyinə inanan nurçulardır.

Əməliyyatlarda aprelin 11-də Türkiyədən Azərbaycana gedən və “Fırınçı abi” adıyla tanınan Mehmet Nuri Güleç Koçoğlu, eləcə də Kadir Uyar, Mustafa Kemal Uyar və Nurettin Karagözoğlu kimi nurçular da var.

Facebook-da "Fırıncı abi" ləqəbli Mehmet Nuri Güleç üçün açılan fan səhifəsində Gülən “camaatı”nın Səid Nursi düşüncələrinə xəyanət etməsilə bağlı çoxsaylı fikirlər var.

Bu camaatın yeni oyunudurmu?

Yada salaq ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın bir müddət öncə gerçəkləşdirdiyi Azərbaycan səfərinə bir dosye ilə getdiyi deyilirdi. İddiaya görə, həmin dosyedə Azərbaycandakı “camaat” üzvlərinin siyahısı vardı. Maraqlıdır ki, Azərbaycan hökuməti Ərdoğanın səfərindən sonra əməliyyat keçirir, amma həbs edilənlər Gülən “camaat”ı yox, onların əleyhdarları olur. İddialara görə “camaat” üzvləri onlara qarşı keçirilən əməliyyatı etibarsızlaşdırmaq üçün “camaat” düşməni olan bir sıra insanları Gülən tərəfdarı kimi göstərib.

Buna bənzər bir iddia “Cümhuriyyət” qəzetinin bu gün ikinci manşetdən verdiyi Gölcük Donanması rəhbərliyi haqqında yazıda da var. İddialarda bildirilir ki, Gülən “camaatı” bəzi yüksək rütbəli zabitləri öz tərəfdarları kimi təqdim edərək onların ordudan xaric edilməsi üçün səylər göstərir.

İndi ən ciddi sual budur – baş nazirin Azərbaycana apardığı dosyeni kim hazırlayıb, baş naziri kim aldadıb? Yox əgər, həbs edilənlər başqa adamlardısa, o zaman “camaat” Azərbaycanda öz düşmənlərini içəri atmaq üçün düyməyəmi basdı?”  

musavat.com