Dünya 18:35 07.02.2023

Türkiyədə seçkilər: Zəlzələ yeni reallıqlar yaradıb, planlar alt-üst olub (ŞƏRH)

Türkiyədə baş verən zəlzələ xeyli sayda insan tələfatına və dağıntılara səbəb olub. Ölənlərin sayı 3500-ə yaxındır. 5 mindən çox bina dağılıb. Baş verən təbii fəlakət istər-istəməz ölkədə əvvəlcədən keçirilməsi nəzərdə tutulan bir sıra tədbirlərin vaxtında baş tutmasının da qarşısını alacaq. 

Qeyd edək ki, ölkə seçkilərə hazırlaşır. Mövcud situasiyada zəlzələnin seçkinin vaxtı və taleyinə necə təsir edəcəyi məsələsi də gündəmdədir. Türkiyədə parlament və prezident seçkilərinin mayın 14-də keçiriləcəyi gözlənilir. Lakin dünən baş verən dəhşətli zəlzələ ölkə üçün əhəmiyyətli olan bu tədbirin də ertələnməsi məsələsini gündəmə gətirə bilər. Hələlik məsələ barədə hər hansı bir açıqlama yoxdur. Həm iqtidardan, həm də müxalifətdən olan siyasilər bununla bağlı hər hansı bir açıqlama verməyib. Hər halda mayın 14-nə təyin edilən seçkilərin başqa vaxta keçirilib-keçirilməməsi məsələsi yəqin ki, yaxın günlərdə bəlli olacaq. Amma aydın məsələdir ki, bu zaman iqtidarlı-müxalifətli siyasilər mövcud vəziyyətin öz reytinqlərinə necə təsir edib-etməməsindən asılı olaraq prosesə öz münasibətlərini bildirəcəklər. 

Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Azər Rəşidoğlu bildirib ki, mövcud durumda Türkiyədəki bütün siyasi partiyalar çətin vəziyyətə düşüb:


 
"Seçkilərin vaxtının dəyişdiriləcəyi ilə bağlı bu gün konkret nəsə söyləmək çətindir. Seçki rəsmi qaydada martın 10-u elan ediləcək. Amma bu şəraitdə seçki təbliğatı aparmaq, seçicilərlə görüşmək çox çətin olacaq. İndi insanlar ölüm-dirim savaşı aparırlar. Ölkəyə maddi və mənəvi baxımdan böyük ziyan dəyib. Miqyas olduqca böyükdür. Zəlzələ bütün partiyaların seçki ilə bağlı planlarını alt-üst etdi. Zəlzələ inşaat və digər sektorlardakı problemləri də üzə çıxartdı. Ərdoğanın rəqibləri bu nüansdan istifadə edəcəklər. Nəzərə alsaq ki, Türkiyənin bu vəziyyətindən düşmənləri də istifadə edə bilərlər, onda mənzərənin dramatikliyinin miqyasını təxmin edə bilərik. Daxili işlər naziri də ona işarə vermişdi ki, seçkiqabağı İstanbulda terror mümkündür və məhz, bu səbəbdən bəzi Qərb ölkələri şəhərdən konsulluqlarını çıxartmaq qərarına gəliblər. Onu da nəzərə alaq ki, bu ay və gələn ay Ukraynada ağır döyüşlərin ola biləcəyi ehtimal böyükdür. Qərb Ərdoğanı küncə sıxır və Rusiya əleyhinə koalisiyaya qoşulmağı tələb edir. Ərdoğan bununla razılaşmır və Qərb Türkiyədə yeni iqtidarın formalaşdırılmasına çalışır. Ölkədə infilyasiya da dərinləşir. Zəlzələ də insanların maddi durumuna birbaşa təsir edəcək. 5 min bina çöküb, onun yenidən tikilməsi, zəlzələnin vurduğu ziyanların aradan qaldırılması böyük zəhmət və maliyyə tələb edir. İnsan təlafatı da artacaq. Bu baxımdan, Ərdoğan seçkiləri tez keçirtmək istəyərdi, lakin zəlzələ tamamilə yeni reallıqlar yaradıb. Düşünürəm ki, seçkilərin ertələnməsinə bütün siyasi partiyalar tərəfdar çıxa bilər”. 

Şərhçinin sözlərinə görə, AKP iqtidarı seçkilərə qədər zəlzələnin fəsadlarını aradan qaldırsa, əlavə dividentlər əldə edə bilər:
 
"Lakin qısa bir müddətdə bunu həyata keçirmək imkansızdır. Odur ki, Ərdoğan seçkilərin vaxtının dəyişdirilməsi üzərində düşünməli olacaq. Zəlzələ o miqyasda zərbə vurub ki, seçkini ilin sonuna qədər keçirtmək çətin olacaq. Lakin hadisələr sürətlə inkişaf edir, AKP iqtidarı bunu anlayır və tələsir. Düşünürəm ki, seçkiləri yaydan tez keçirtmək çox çətin olacaq". 

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Türkiyədə gözlənilən seçkilərin ertələnib-ertələnməməsi baş verən zəlzələnin ağırlıq dərəcəsindən asılı olaraq müəyyən ediləcək:


 
"Bu asılı olacaq hakim partiyanın və onun liderinin tutacağı mövqedən. Ölkədə zəlzələnin gətirdiyi dəhşətlər, dağıntılar daha ağır olarsa, mövcud vəziyyətdə seçkilər ertələnə də bilər. Amma bunu indidən söyləmək çətindir”. 

Rüfət Sultan