Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yetirməkdə təqsirli bilinən 1972-ci il təvəllüdlü Elmar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Elmar Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il Səbayel rayonunda baş verib. 1977-ci il təvəllüdlü Münəvvər Miriyeva naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.
Aparılan araşdırmalardan sonra hadisəni törədən şəxsin mərhumun həyat yoldaşı olduğu müəyyən edilib. Qadına 4 bıçaq zərbəsi vuran şəxs - əvvəllər dəfələrlə məhkum olunmuş 1972-ci il təvəllüdlü Elmar Əliyev hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
Sonuncu dəfə dələduzluq maddəsi ilə məhkum olunan E.Əliyev ötən il azadlığa çıxıb. Mərhum Minəvvər Miriyeva onun ikinci həyat yoldaşı olub. Onların birgə nikahdan iki azyaşlı övladı var.
Qaynar.info