İdman 19:35 07.12.2022

Ştuxlikin vaxtında hakimlikdən gedən azərbaycanlı FİFA referisi yenidən bu peşəyə qayıdır

Fritz Ştuxlikin dönəmində hakimlikdən gedən sabiq FİFA referisi Rəhim Həsənov yenidən bu peşəyə qayıdır. 

Bu haqda Qaynarinfo-ya açıqlamasında o özü bildirib. Ancaq Həsənov böyük futbola hakim-inspektor kimi qayıdacaq. Təcrübəli referi hazırda bununla bağlı praktika keçirdiyini bildirir:

"Hələ ki, hakim-inspektorluqla bağlı praktika keçirəm. Gələcəkdə işə başlasam, bu haqda danışa bilərəm. Praktika üçün, hələ ki, cəmi bir oyunda olmuşam. Hakim-inspektor yanında praktikant kimi oyuna gedirəm. Mənim üçün yeni bir işdir. Yenilikləri öyrənməliyəm. Hakimliyi bitirəndən sonra da həmişə yeniliklərlə maraqlanırdım. Bu mənim sahəmdir, neçə illərdin işin içindəyəm. Ən azı ona görə ki, kimsə sual verəndə susub qalmayasan”.

Həsənov VAR sisteminin detallarından xəbəri olduğunu da deyir:

"VAR sisteminin bütün detallarını bilirəm. Qaydalarda dəyişikliklər, təlimatlardır, demək olar, hamısını bilirəm. Yenə də təkrarlayıram: həmin sahədə olduğuma görə bunları öyrənmək məcburiyyətindəyəm”.

Referi çempionatımızda hakimliyin durumunu izləyib-izləməməsi haqda sualı belə cavablandırır: 

"Səmimiyyətdən kənara çıxmayım, desəm ki, hamısını izləyirdim, yalan olar. Çatışmazlıqlar istənilən liqalarda və yarışlarda olur. Sadəcə, onların üzərində işləmək lazımdır. Düşünürəm ki, bu gün Hakimlər Komitəsi də çatışmazlıqların üzərində çalışır. Bu, o demək deyil ki, işləyirsə, aradan qaldırılacaq. Əsas odur ki, istiqamət götürülüb. Bu gün hakimlər səhv buraxsa da, görürük ki, oyunlara məsuliyyətlə yanaşırlar”.

Səbuhi Həsənov