Xəbər lenti

“Uçan Ələm” uçurumu
Ölkə07:33 22.11.2013

“Uçan Ələm” uçurumu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Birinci yazı

Deməli, “uçan ələm” məsələsinə bəzi din xadimlərinin münasibəti belə oldu: “Ələmin matoru var ki, uçsun?!” Vay dədəə!

Bu izahatın özündəki xurafat dərəcəsini, molla loruçuluğunu, Molla Nəsrəddin lətifəçiliyini bir yana qoyaq. Bunlar hələ də anlamırmışlar ki, camaatın din-inam müstəvisindəki düşüncəsi, hissiyyatı elmi-texniki məntiqə yox, möcüzə amilinə söykənməkdə.

Lap dini də qoyaq bir yana. Hətta məntiq elmləri professoru da möcüzəyə inanmasa belə, şüuraltında onu daim gözləməkdə. Çünki başqa bir məntiq də var: ümidlər həm də möcüzəyə “gözögörünməz” bir inam üstündə var olur. Bu, inanclıda da belə, inancsızda da belə.

Rəhmətlik babamdan iki incikliyim: biri o ki, uşaq vaxtı futbol oynadığımız həyətyanı sahəmizdə məscid tikdirib “qol”larımı qırmışdı, biri də bu ki, adımı Allahın adlarından biri kimi Salam qoymuşdu.

Bu ada görə ağlım kəsəndən özümü bizim camaatın aradabir bostandan, hindən tapdığı, guya üstündə ərəb əlifbasıyla “Allah” sözü yazılmış qarpız, balqabağ, yumurta kimi hiss eləməkdəyəm. Ən yaxşı halda bir vaxtlar Bakı zooparkında nərildəyəndə guya “Allah” sözünü tələffüz eləmiş həmin şir kimi qəfəsdəyəm sanki.

Yox e, yox, ateist-zad deyiləm. Həm də ateistlərdən heç gözüm su içmir ki, elə hey “Allah yoxdur” deyən bu məntiqsizlər bircə dəfə də olsun “şeytan da yoxdur” deməmişlər.

Yeri gəlmişkən deyim: dünyada neçə illərdir gedən “Allah var, ya yox?” polemikasından mənasız və faydasız mübahisə də yox. Allah haqqı, Allah haqda sadəcə susmaq lazım.

Yeri getməmişkən bunu da deyim: şeytana daş atmaqçün hər il beş-altı milyon adam Həccə getməkdə. Allah niyyətlərinə çatdırsın, bu öz yerində. Amma başqa bir şeyi də öz yerinə qoymaq gərək: hər il beş-altı milyon adamın bir ay ərzində öz iş yerində olmamasının müsəlman dünyasına vurduğu iqtisadi ziyanı da hesablamaq. Elə-belə e, maraqçün.

Bir demişik, bir də deyək: bizim Allaha da, şeytana da münasibətimiz çox bəsit: olsa-olsa, Allaha dua, şeytana lənət oxumaqdan ibarət kasad bir leksikon. Biz onlarla əməlli-başlı qəlb və beyin söhbəti eləməyə heç vaxt can atmadıq.

Narahat olma, söhbət şeytanla sazişdən yox, şeytanla dialoqdan gedir ki, bu dialoq yerli-dibli getmir.

Din barədə bizim öz aramızdakı dialoq isə hələ ki çətin gedir. Məsələn, Xristian ölkələrində inkvizisiyadan danışırsan, deyirlər bu, əsl Xristianlıq deyil, Müsəlman ölkələrində din adından törədilən naqis əməllərdən danışırsan, deyirlər bu, əsl İslam deyil.

Onda belə bir sual çıxır ortaya və başlayır adamı narahat eləməyə: bəs hardadı ƏSL İSLAM? Bəs niyə bu ƏSL İSLAM neçə əsrlərdir ki, insanla, həyatla qovuşa bilmir, dünyanın, heş olmasa, yüz hektar sahəsində özünü göstərə bilmir? Niyə indiyə qədər Quranla həyat tərzinin əsl kontaktı baş tutmur? Günah kimdədir – kitabda, yoxsa tələbədə?

Bu sualı kimə ünvaladıqsa, cavab təxminən belə: həyat tərzini boş ver, İman və İslam qəlblərdə olmalı.

Insan isə təkcə qəlbdən yox, həm də beyindən ibarət. İstəsək də, istəməsək də, Yer üzündəki həyat rasionallığı tələb etməkdə. Yəni Allahın bu sadə, fağır bəndələri həmin İmanı, həmin İslamı, həmin Xristianlığı, nəhayət, qəlbdən həyata, cəmiyyətə də keçməsini istəməkdə haqlı.

Amma keçmir ki, keçmir. Dinlərin dövlətini qururlar da, keçmir, dinləri dövlətdən ayırırlar da, keçmir.

Həyata keçmir, amma qəlblərdə də sakit dayanmır. Ya vəlvələdən, ya zəlzələdən, din amili dünyada hələ ki yalnız əlavə gərginliklər yaratmaqda. Faktin sifətinə bir də baxaq: indi dinlər dünyada qarşıdurmaya rəvac verməkdən savayı, demək olar, heç bir missiyanı yerinə yetirə bilmir. Hər kəlməbaşı qabardılan iman-qəlb romantizmi bu reallığın qarşısında çox gücsüz.

İndi bu halımızda, bu səviyyəmizdə “uçan ələm” məsələsinin ajiotaj yaratması, oxumuş adamlarımızı heyrətləndirməsinin özü heyrətamiz. Nə var ki burda? Nə qəribə iş olub ki? Burda narahatlıq yaradan nə var axı?

Qətiyyətlə deyə bilirəm ki, xurafatın “uçan ələm” səviyyəsinin cəmiyyətçün qəti təhlükəsi yox. Əslində, din pərdəsi, çadırı və “çadrası” altında təhlükəli olan başqa məsələlər.../publika.az/

(Ardı gələn yazıda)