Sənət 10:50 09.08.2022

Üç dəfə xərçəngə yoluxan məşhur müğənni vəfat etdi

Məşhur avstraliyalı müğənni və aktrisa Oliviya Nyuton-Con vəfat edib.

Qaynarinfo bu barədə NTV-yə istinadən xəbər verir.

Oliviya Nyuton-Con 74 yaşında ABŞ-ın Kaliforniya ştatının Santa Ynez şəhərində dünyasını dəyişib. O, süd vəzi xərçəngindən əziyyət çəkirdi. 

Qeyd edək ki, Oliviya Nyuton-Con 1948-ci ilin 26 sentyabrında İngiltərənin Kembric şəhərində dünyaya gəlib. İngiltərə doğumlu avstraliyalı sənətçi "Qızıl Qlobus" mükafatına namizəd olub. 1974-cü ildə Böyük Britaniyanı "Eurovision" Müsiqi Yarışmasında "Long Live Love" adlı mahnı ilə təmsil edib və 4-cü yeri tutub.

Həm müğənni, həm də aktrisa kimi dünya şöhrəti qazanan sənətçi daha çox Con Travolta ilə birgə baş rol oynadığı "Briolin” (1978) filmi ilə şöhrət qazanmışdı. Növbəti illərdə daha çox müğənni kimi populyarlıq qazanan Oliviya Nyuton-Con 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Yay Olimpiya Oyunlarının açılışını etmişdi.

Oliviya Nyuton-Con 1992-cü ildə süd vəzi xərçənginə qalib gəlib. 2013-cü ildə yenidən xərçəngə yoluxub və ikinci dəfə xəstəliyə qalib gəlib. 2020-cü ildə onda yenidən xərçəng xəsəliyi aşkarlanıb.

Aydın