
Bu gün UEFA Superkubokunun növbəti qalibi müəyyənləşəcək.
Qaynarinfo.Az xəbər evrir ki, Çempionlar Liqasının son qalibi “Real” Avropa Liqasının axırıncı qalibi “Sevilya” ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, ötən il olduğu kimi, bu il də kubok İspaniyaya gedəcək. Bugünkü qarşılaşma rəqiblərin ikinci Superkubok duelidir. 2014-cü ildə Uelsin Kardiff şəhərində keçirilmiş bu rəqiblərin oyununda Kriştianu Ronaldunun 2 qolu ilə “Real” qalib gələrək tarixində ikinci dəfə Superkuboka sahib çıxmışdı.
Hər iki klub indiyə qədər 4 dəfə Superkubok oyununda iştirak edib. 1998-ci ildə Monakoda “Çelsi” ilə qarşılaşan Madrid təmsilçisi ilk Superkubok oyununda 0:1 məğlub olub. 2000-ci ildə əlavə vaxtda “Qalatasaray”a 1:2 məğlub olan “Real” yalnız 2002-ci ildə Hollandiyanın “Feyenord” klubunu 3:1 məğlub edərək ilk Superkubokuna qovuşub.
“Sevilya” klubu isə ilk Superkubok oyununu 2006-cı ildə keçirib və elə debütdəcə “Barselona”ya 3:0 qalib gəlib. 2007-ci ildə “Milan”, 2014-cü ildə isə "Real"a məğlub olan “Sevilya” 2015-ci ildə ikinci dəfə "Barselona" ilə qarşılaşır. Gürcüstanın paytaxtı Tbilisidəki "Dinamo Arena"da 51.940 tamaşaçının izlədiyi oyun Kataloniya klubunun qələbəsi (5:4) ilə başa çatır.
Maraq üçün qeyd edək ki, “Real” bütün Superkubok oyunlarına Çempionlar Liqasının, “Sevilya” isə Avropa Liqasının (UEFA Kuboku) qalibi kimi qatılıb. Yalnız 2000-ci ildən Çempionlar Liqasınının qalibi ilə Avropa Liqasının (2000-2009-cu illərdə UEFA Kuboku) qalibi arasında keçirilən Superkubok oyunlarında üstünlük Çempionlar Liqası qaliblərinin xeyrinədir: 9:7. UEFA Superkubokunu ən çox qazanmış klublar isə "Barselona" və "Milan"dır (hər biri 5 dəfə).
Qeyd edək ki, Norveçin Trondheym şəhərində keçiriləcək bugünkü Superkubok oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Elçin Mahmud
Qaynarinfo.Az