(Məişət xanım haqqında qorxunc esse)
Bura bax, ə, Məişət, nə özünü dartmısan, ə!? (Bir dəfə adını kiçik hərflə yazmışdım, şikayət etdin, müdir az qaldı qonorarımı kəssin. Ta o vaxtdan böyük "M”ynan yazıram.) Qaz boğazı kimi boğazını uzatmısan, düşmüsən ortalığa toy toxlusu kimi – ona bir kəllə, buna bir buynuz... gicitkən kimi onu dalayırsan, ilan kimi bunu çalırsan , o birini tutursan (it kimi), bir ayrısının pişiyini ağaca dırmaşdırırsan... Hələ onu demirəm ki, bu xarabada bir qadın-kişi söhbəti, əxlaq, ədəb-ərkan vardı, onu da salmısan ayaq altına. Nazirliklərdə sənə görə nə pəstahlardan çıxırlar, allah göstərməsin! O pəstahdan çıxan qadın sənə görə pəstahdan çıxa-şıxa qardaşını da, ərini də o nazirlikdə iş düzəldib... Ardan-namusdan da çıxdıq sənə görə, it oğlunun Məişəti! Namusu itə atıblar it də yeməyib, amma sən yedin... yedirtdin...
Vaxt vardı səni adam yerinə qoymazdıq. "Məişət pozğunu”, "məişət səviyyəsinə enən”, "məişətə hesablanmş” ifadələr bəyənmədiyimiz o Sovet hökümətində dildə-dişdə olardı. Sən isə daldada-bucaqda başını girələyir, özünü ayağısürüşkən qadınların gözünə soxur, beş manatlıq radio kimi baş-beynimizi aparardın...
Hələ biz yazıçıların belə bir deyimi vardı: "məişət mövzusunda olan əsərlər...” Hə, hə! O tip əsərləri ciddiyə almazdıq! Amma indi sən hardan-hara gəlmisən?! Televiziyaların tok-şousu səninlə başlayır, sənilə bitir. Mırələmovların, Çingizlərin, Əpişlərin yazdıqları məişət mövzulu cızmaqaralar bizə ciddi əsər adıyla soxuşdurulur. Onlara xalq-malq yazıçısı adı verilir, yazdıqları tamaşaya qoyulur, çörək yerinə adamlara yedizdirilir... Ah çörək, of çörək! Əslində onun bir adı da elə Məişətdir!
Sən nə matah şey oldun, ə Məişət?!
Düzü, heç bilmirəm, sənə "ə” deyim, "az” deyim?! Sənin cinsiyyətin bəlli olmazdı ki? Amma indi sən yuxarı başa keçmisən... (Ə, az, bəlkə sən də onlardansan?! Hıy? Özüm ölüm səndən şübhələnmişəm! Sən də erkək-dişisən!......... Nə var ə, az?! Nə gözünü bərəldirsən?! Erkəklə erkək yatıb-qalxanda, dişi ilə dişi cütləşəndə heç heylə baxmırsan?! İndi düz sözə nə bozarırsan?! Hətta... Hətta... O Avropanın, o Amerikanın da sənin dalında durduğundan elə o iy gəlir...)
O gün biri var, altıncıdan çıxmışdı məktəbdən, indi biznesmendir, yəni məişət adamıdır. Niyə gülürsən axı?! Adam arvad alt paltarı satır. Büsqalter, beləcən kapron corab, ayıb olmasın gecə köynəyi, lap elə alt tuman... lap elə bez... daha nələr, nələr... Əvvəllər özü satardı, indi üç yerdə mağazası, hərəsində də iki-iki satıcı... Mənə nə desə yaxşıdır? Məllim, sən canın o kitabın var e, "Aşiqlər”, gəl onu təzədən buraxaq, yaxşı abloşkaynan-zadnan, belə üstünə də aşiq-məşuq şəkilləri çəkdirərəm e, rəssam dostm var. Arvadına həmişə mənim mağazamnan paltar-pultar aparır... Elə-belə e, pulsuz-zadsız... Mən ölüm, hə! Bax, o rəssama da yaxşı bir aşiq-məşuq şəkli çəkdirərik...
Qayıtdım ki, o kitab aşiq-məşuqdan bəhs etmir ki, bizim tərəflərdə yaşamış üç ata, oğul, nəvə varmış bir zamanlar, şair olublar, bəy olublar, heç kimi çörəklə imtahana çəkməyiblər, vətənpərvər olublar – sadəcə, təxəllüsləri "Aşiq” imiş... Üçü də "Aşiq” imzasıyla ilə şeirlər yazıblar... Məsələn belə:
Gülə aşiq olan bülbül, düşməzmi gülşənin yadə,
Bülbül, sənə haram olsun, əbəs cəh-cəh bu dünyadə!
-Nə haram olsun?! – Hirslə soruşub bahalı plaşının altından parıldayan şərfinin ucunu içəri salır.
-Əbəs cəh-cəh, yəni yalan-palan söyləmək, savadsız-savadsız danışmaq, başqalarını çörəklə imtahana çəkmək, ağlının gücü ilə yox, pulunun gücü ilə danışmaq, hər şeyin çarəsini məişətdə axtarmaq...
-Məişət nədi, məllim?
-Məişət - villa, bağ, təmirli ev, hər gün lotu-potuya paçka-paçka pul xərcləmək, aclara lağ eləmək... Namusu, qeyrəti pulda bilmək...
-Yaxşı, məllim, mənə zəng gəldi, gedirəm, sən genə o aşiqlərini gətirsən, pis olmaz, çap elətdirərik... üstündə sadəcə, sponsor kimi adımızı, familimizi yazarsan... şəkilimizi də istəsən vurarsan...
Tanka oxşayan maşınına minir, çıxıb gedir.
Mən isə bazara getməliyəm. Arvad uzun bir siyahı verib. Allah bu Məişətin evin yıxsın!
Aktyor qonşum uzaqdan əl edib üstümə gəlir. Ay allah, gör haçandan bu yazığa söz verdiyim esseni yaza bilmirəm. Rejissor eşitdirib ki, deyirsən, Filankəs qonşumdur, nə təhər olur, sənin haqqında bir balaca resenziyadan-zaddan yazmır... Elə bir tamaşamıza gəlsin ailəsilə, baxsın, gedib bir şey yazsın, səni də qatsın gözünə. Keçən dəfə hansısa xarici müəllifin pyesinə bilet vermişdi, düz üç dənə. Hardan? Gedə bildim ki? Əlimdə redəktə işi vardı, o gecə bitirib göndərməsəm, müqavilədə göstərilən qonorarımı itirə bilərdim. İndi qonorar itirmək acından ölməyə bərabərdir!
Ah, Məişət! Səni nə kiçik hərflə yazardım?!
-Ay xoş gördük, necəsiniz? Burada düz altı bilet var, ailəlikcən, dostlarınızla gələ bilərsiniz... yazsanız da sağ olun, yazmasanız da... sadəcə, bizim bu rejissor... xəbəriniz var, indi baş rejissor olub axı?! Hə, vallah! Sizə də simpatiyası var. Yazılarınızı oxuyur e... Gələ bilsəniz... Əla olar...
Biletləri qatlayıb döş cibimə qoyuram və öz-özümə sö verirəm: bu dəfə mütləq gedəcəyəm tamaşaya. Daha ayıbdır. Bir kiçik yazı da yazaram...
***
Əmimin oğlunun toyudur. Üzümü qırxıram. Bu birdəfəlik almaslara allah versin, qanadıb eləmir. (Adına birdəfəlik desələr də, mən düz beş dəfə qırxıram.) Gərək qulaqlarımın tükünü də təmizləyim. Hələ bu burnumun üstündə də iki tük bitib. Zəhrimar! Arvadın tükçıxardanıynan çəkəcəm çıxsın... Boynumun ardını da uşaqlara təmizlədim gərək ciletlə... Kostyumum görəsən ütülüdür? Arvad da salondan hələ gəlməyib... Ayaqqabımı da gərək mazlayım... Qoy görüm ayaqqabı fırçasını hara qoyub bu arvad...
Əyilib girişdəki dolabdan ayaqqabı fırçasını götürəndə döş cibimdən aktyorun verdiyi biletlər düşür. Pəh! Bu günə imiş ki, bunlar?! Üzün qazan qarası olsun, ay məişət xanım?! (Bu dəfə hər şeyi gözə alıb adını kiçik hərflə yazdım! Öl elə!)
S.A.(Söz Ardı)
İki güb sonra yaxın bir dostumun kitabının təqdimatı idi. Elə əynimi geyinib çıxırdım ki, arvad dedi, gədəbəyli qonşu cavan cöngə gətirib, alışma eliyəcəklər. Nisyə də verir. Qazan üstdə qaynayır, içinə atmağa bir şey yoxdur...
Getdim qonşunun həyətində mal kəsənlərin yanına. Məni hörmətlə qarşılasalar da, az sonra unutdular. Hamının gözü qəssab Nəcəfalıda idi. Az qala kişiyə yaltaqlanırdılar ki, onlara yaxşı ət versin. Elə mən də Nəcəfalıya yarınmağa başladım. Yoxsa can əti verəmz ki?!.
...Kitab təqdimatına gedə bilmədim, "zato” qazanımız qaynayırdı!
Vallah, kim nə deyir desin, indi Məişət Vətənini-zadı basıb keçib qabağa.
Gərək orfoqrafiya lüğətinə düzəliş eləsinlər...
Hələ yeni titullar da yaratmaq olar. Məsələn, "Əməkdar Məişət ustası”, "Xalq məişəti qabaqcılı”, "Məişət poz...”, eeee, zəhrimar... " Xalq Məişəti yazıçısı”...
Anadolulular demiş, qolay gəlsin...
Azad Qaradərəli