
Jalə İsmayıl
Bu darmacalda Ukrayna dairəsinin adını dəyişdirsələr, heç təəccüblənmərəm. Ukrayna söhbətini yaddaşlardan silmək lazımdır. Xalqa pis təsir edə bilər. Ukrayna şairləri əgər dərsliklərdə qalıbsa, gərək çıxarılsın.
Universitet proqramlarında varsa, dərhal rədd edilməlidir. Restoran menyularında Kiyev kotletinin üstündən qalın qara xətt çəkilməlidir ki, oxunmasın. Ukrayna ilə bağlı hər şey buxarlanmalıdır!
Hər şey edə bilərlər. Amma minlərlə Azərbaycan kişisinin yaddaşından Ukrayna gözəllərinin adını silə bilməyəcəklər. Bu dünyada hakimiyyətin gücü çatmayan şeylər də var.
Başımıza onda daş düşüb ki, onlarla, bəlkə, yüzlərlə gözəli bir küncündə evdən-eşikdən gizli qoruyub saxlayan yaddaşda sahibinin öz keçmişinə yer yoxdur. Əminəm ki, meydana da elə Ukraynalı gözəlləri tanıyan kişilər çıxmadı.
Çıxanların haqqını yeməyək, onların da o tərəflərdə tanıdıqları ola bilər, amma çoxluğun çıxmayanlarda olduğu da faktdır. “Ukrayna” deyəndə dodaqlarını laübalı təbəssüm bürüyən, gözləri parlayan, qaşlarını oynadan, tez bir siqaret yandırıb boğazını arıtlayanlar ara sakitləşən kimi yenə Kiyevi görməyə gedəcəklər.
İctimai qeyrəti qeyrət saymayanlara bir az əvvəl barrikadada yemək paylayan gözəllər də heç nə deməyəcəklər. Şəxsi iş başqa, Vətən başqa... Bizim bu anlayışlar barədə öz mülahizəmiz var. Biz heç vaxt eyni cür düşünə bilməyəcəyik.
Burnumuzun suyunu az axıtmadıq Bakının Ukrayna dairəsində... İndi də uzaqdan-uzağa getdikcə daralan başqa bir dairəyə baxıb ağzımızın suyunu axıdırıq. Bizdə də tıxacdır, orada da. Ukrayna dairələrində basabasdır. O basabasın bu basabasa heç təsiri yoxdur təəssüf ki...
Müxalifət növbəti mitinqi Ukrayna dairəsində keçirsin. Bəlkə, düşərli oldu...