Dünya 19:04 02.12.2022

Ukrayna əhalisi ya məcburi köçməyə, ya da ölümə məhkum ola bilər (ŞƏRH)

ABŞ Prezidenti Co Bayden Ukraynada davam edən hərbi əməliyyatların dayandırılması üçün Rusiya prezidenti Vladimir Putinlə dialoqa razı olduğunu deyib. 

Mətbuatın yazdığına görə, Bayden bunu dünən Fransa prezidenti Emanuel Makronla Ağ Evdə keçirilmiş mətbuat konfransı zamanı dilə gətirib.

"Əgər Rusiya prezidenti həqiqətən də müharibəyə son qoymaq üçün həll yolları axtarırsa, mən onunla dialoqa hazıram”, deyə Bayden vurğulayıb. 

Fransa prezidenti də öz növbəsində qeyd edib ki, hərbi əməliyyatların dayandırılması üçün o da Vladimir Putinlə danışıqları davam etdirəcək.
Eyni zamanda, Bayden yaxın gələcəkdə Putinlə təmaslar planlaşdırmadığını qeyd edib.

"Rusiya rəhbəri ilə mümkün təmaslar müstəqil qərarlar əsasında deyil, yalnız NATO ilə məsləhətləşmələr nəticəsində baş tutacaq”, deyə ABŞ rəhbəri vurğulayıb. 

Qeyd edək ki,qışın gəlməsi fonunda Ukraynada hərbi əməliyyatların keçirilməsi də müşkül məsələyə çevrilir. Digər tərəfdən, Rusiya raket zərbələrilə Ukraynanın enerji infrastrukturunu sıradan çıxarmaq yolunu tutub. Bu fonda sərt qış aylarında Ukrayna əhalisinin vəziyyətinin pisləşəcəyi istisna edilmir. 

Rusiya üçün də hərbi əməliyyatların dayandırılması indiki şəraitdə manevr baxımından vacibdir. Bu mənada ABŞ prezidentinin açıqlaması düşünməyə əsas verir ki, tərəflər ən azından yaza qədər hərbi əməliyyatlara fasilə verməkdə maraqlıdırlar. 

Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev qeyd edir ki, dekabrın ortalarından Ukraynada hərbi əməliyyatların səngiyəcəyi gözlənilir: 

"Artıq Qərb bundan sonra yüksək texnoloji silahları Ukraynaya göndərməkdə maraqlı deyil. Rusiya tərəfi də müharibədən yorulub. Bu fonda hərbi əməliyyatların dayandırılması üçün konsensus əldə oluna bilər. Ancaq məsələ ondadır ki, bu, hansı şərtlər daxilində olacaq. Müzakirə mövzusu da budur. ABŞ da müəyyən məqamlardan çəkinir. Çünki dünya iqtisadiyyatı ciddi böhranla üz-üzədir, siyasi qütbləşmə həddən artıq güclənib. Eyni zamanda, Rusiya divara sıxılıb, ancaq geri addım atmır, nüvə müharibəsilə hədələyir. Qarşıdan qış gəlir. Ukraynanın bütün infrastrukturu sıradan çıxarılıb. Ukrayna əhalisi ya məcburi köçməyə, ya da ölümə məhkum ola bilər. Bütün bunların qarşısını almaq üçün də yəqin ki, ortaq yol tapmağa çalışırlar. Hər şey tərəflərin hansı ortaq məxrəcə gəlməsindən asılı olacaq”. 

Rüfət Sultan