Dünya 17:36 24.10.2023

Ukrayna HDQ Krım körpüsünün nə vaxt tamamilə dağılacağını açıqladı

Müvəqqəti olaraq işğal olunmuş Krımda Kerç boğazı üzərindən qanunsuz tikilmiş körpü, şübhəsiz ki, dağıdılacaq. Bu, vəziyyət bunu tələb edəndə baş verəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk "Ukrinform"a müsahibəsində bildirib.
 
O, Ukraynanın rusiyalılardan fərqli olaraq simvolizmdən əziyyət çəkmədiyini vurğulayıb. Bu, məhdud resurslarla döyüş əməliyyatları apararkən çox faydalıdır.
Məsələn, Rusiya diktatoru Vladimir Putinin doğum günündə işğalçıların üzərinə "nəsə ələ keçirmək” vəzifəsi qoyulubsa, ukraynalılarda belə bir şey yoxdur.

"Ona görə də bu körpü, əlbəttə, dağıdılacaq, amma vəziyyət bunu tələb edəndə. Əhval-ruhiyyəni yüksəltmək üçün körpünü dağıtmağın mənası yoxdur. Krımın logistik "quyruq”larını kəsmək və onu ada etmək lazım olanda, bu, mütləq həyata keçiriləcək. Ona görə də uyğun anı gözləməliyik”, - deyə spiker bildirib.

Pletençuk qeyd edib ki, müvəqqəti işğal olunmuş Krımın ərazisinə atəş açmaq simvolik bir şey deyil. Bu, işğal altında olan torpaqlarımızın azad edilməsi, anbarların, nəzarət məntəqələrinin, qərargahların sistemli şəkildə məhv edilməsinin baş planına daxildir. Yəni bütün bunlar böyük bir əməliyyatın elementləridir.

"Əlbəttə, biz tez-tez əks-hücumu kvadrat kilometrlərlə ölçürük, lakin bu, düzgün deyil, çünki istənilən belə əməliyyatlar mürəkkəb, çoxmərhələlidir, orada  müvafiq ardıcıllıqla yerinə yetirilməli olan bir çox element var", - Pletençuk əlavə edib. 

Nizami Bağırov