Rusiya Ukrayna savaşı fonunda dünya dövlətləri də kimi dəstəkləmək məsələsində müxtəlif cəbhələrə parçalanıblar. Artıq dünyanın 70-dən çox ölkəsi Rusiyaya qarşı sanksiyalara qoşulduğunu bəyan edib. Onların arasında Avropa ölkələri üstünlük təşkil edir.
Rusiyanı dəstəkləyən və yaxud ona yönəlik sanksiyalara qoşulmayan ölkələrin sayı isə azdır. Moldova və Gürcüstandan sonra Türkiyə, Çin, Argentina və Meksika Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayacaqlarını bildirib. Bu siyahıda Qərbə inteqrasiya yolunu tutan və həmin istiqamətdə müəyyən yol qət edən Kişinyovla Tiflisin sərgilədiyi mövqe çoxlarını çaşdırıb. Amma mövcud situasiyanı dəyərləndirdikdə, bu iki ölkənin tutduğu mövqe başa düşüləndir. Belə ki, həm Moldova, həm də Gürcüstan hazırda qəzəbli olan Putin Rusiyasının onlara qarşı da hərbi əməliyyatlara başlaya biləcəyindən ehtiyatlanır. Tiflis 2008-ci ilin avqust olaylarını unutmayıb. Bu mənada Moldova daha çox ehtiyat edir. Ona görə ki, müharibə onun sərhədləri yaxınlığında baş verir. Rusiya Ukraynanın Qara dəniz sahillərinin cənub qərbini tutmaqla Moldova sərhədinə çıxmış olacaq. Belə vəziyyətdə Kişinyovun ehtiyatlı tərpənməməsi rus ayısının yaranmış durumdan istifadə edərək asanlıqla Moldovaya girməsinə də rəvac verə bilər.
Türkiyəyə gəldikdə, son illər Ankara ilə Moskva arasında olduqca isti münasibətlərin yaranması fonunda qardaş ölkənin belə mövqe sərgiləyəcəyi gözlənilən idi. Ankaranın bu cür mövqeyi Bakının da maraqlarına cavab verir. Türkiyə Qərbin soyuq münasibətləri fonunda öz məhsullarının Rusiyaya satışı və rus turistlərin ölkəsinə gəlməsindən xeyli vəsait qazanır. Çətin vəziyyətində Tükiyənin də Rusiyaya embarqo qoymaqla özünü əlində olan bu imkanlardan məhrum edəcəyi ağlabatan deyil.
Çinin də mövqeyi bəllidir. Pekin sanksiyalara qoşulmamaqla yanaşı, Ukraynanın da ərazi bütövlüyünü tanıdığını bildirib. Yəni indiki durumda Çin həm Qərb, həm də Rusiya ilə münasibətlərini saxlamaqla müharibədən özü üçün divident qazanır.
Rusiyanı açıq şəkildə dəstəkləyən ölkələr isə bunlardır: Belarus, Şimali Koreya, İran, Nikaraqua, Suriya, Hindistan, Kuba, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan və Venesuela. Burada İran, Venesuela və BƏƏ istisna olmaqla digərlərinin tutduğu mövqe tam aydındır. Adı qeyd edilən bu ölkələr ABŞ-ın yüritdiyi siyasətə qatı müxalifdirlər. BƏƏ ola bilsin ölkəsində rus biznesi və Rusiyadan gələn turist axını səbəbindən yuxarıda qeyd edilən mövqeni tutub. İranla Venesuelaya gəldikdə, bu ölkələrin rəhbərliyi ABŞ-a nifrətlə yanaşsa da, iqtisadi mənada mövcud ağır durumları fonunda onların mövqeyini 180 dərəcə dəyişmək ehtimalı istisna deyil. Belə ki, Rusiya enerjisinə embarqo qoyulması fonunda Qərbin alternativlərə ciddi ehtiyacı var. Bu müstəvidə onlar uzun müddətdir sanksiyalar altında olan Venesuela və İran neftinin satışına yaşıl işıq yandırmaqla həm özlərinin alternativ mənbə məsələsini həll edər, həm də bununla Tehranla Karakası da müəyyən dərəcədə iqtisadi böhrandan çıxara bilərlər. Mövcud situasiyada Qərbin buna da gedəcəyi ehtimalı istisna edilməməlidir.
Rüfət Sultan